“OpenAI”nin rəhbəri Sem Altman bildirib ki, bəzi şirkətlər əməkdaşların ixtisarını süni intellektin tətbiqi ilə izah edərək real səbəbləri gizlətməyə çalışırlar. Onun sözlərini 16–20 fevral 2026-cı il tarixlərində Nyu-Dehlidə keçirilən beynəlxalq süni intellekt sammiti çərçivəsində CNBC-yə verdiyi müsahibəyə istinadən “Business Insider” və “Fortune” nəşrləri yayıb.
Altmanın fikrincə, bəzi şirkətlər işçilərin ixtisarını “yanlış şəkildə” süni intellektlə əlaqələndirməyə çalışırlar.
“Dəqiq faiz nisbətini bilmirəm, amma elə hallar var ki, insanlar istənilən halda həyata keçirəcəkləri ixtisarları süni intellektin üzərinə atırlar. Eyni zamanda, elə hallar da var ki, süni intellekt həqiqətən insanları iş yerlərindən sıxışdırır”, — deyə “OpenAI” rəhbəri Sem Altman bildirib.
Altman süni intellektlə “ört-basdır” etdiyini düşündüyü şirkətlərin adlarını çəkməyib. “Business Insider” isə ixtisarları süni intellektlə əsaslandıran şirkətlərə nümunə kimi “Amazon”, IBM, Salesforce və HP-ni göstərir.
Onun sözlərinə görə, süni intellektin “real təsiri” bir neçə il ərzində daha aydın hiss olunacaq — bəzi peşələr yox olacaq, lakin eyni zamanda yeniləri yaranacaq.
Milli İqtisadi Tədqiqatlar Bürosunun araşdırmasına görə, ABŞ, Almaniya, Avstraliya və Böyük Britaniyada sorğuda iştirak edən rəhbərlərin təxminən 90%-i etiraf edib ki, süni intellekt hələlik onların işinə ciddi təsir göstərmir.







