Səudiyyə Ərəbistanı 2025-ci ilin IV rübünü son beş ilin ən böyük büdcə kəsiri ilə başa vurub. Bu, neft qiymətlərinin azalması fonunda baş verib, bu barədə krallığın Maliyyə Nazirliyinin məlumatlarına istinadən “Bloomberg” məlumat verib.
Oktyabr–dekabr aylarının yekunlarına görə kəsir 94,9 milyard Səudiyyə rialı ($25,3 milyard) təşkil edib. Ümumilikdə 2025-ci il üzrə göstərici təxminən 276,6 milyard riala ($73,7 milyard) çatıb ki, bu da ölkənin ÜDM-nin təxminən 5,5%-nə bərabərdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə büdcə kəsiri 115,6 milyard rial ($30,8 milyard) olub.
Nazirliyin hesabatına əsasən, IV rübdə qeyri-neft gəlirləri 122,6 milyard riala ($32,6 milyard) yüksəlib. Eyni zamanda neft gəlirləri ötən ilin eyni dövründəki 170,8 milyard rialdan ($45,5 milyard) 154,2 milyard riala ($41,1 milyard) enib.
Krallığın büdcəsi 2022-ci ilin sonundan etibarən kəsirlə icra olunur. “Bloomberg Economics”in qiymətləndirməsinə görə, 2025-ci ildə Səudiyyə Ərəbistanı üçün neftin qiyməti bir barel üçün $97, suveren fondun daxili xərcləri nəzərə alındıqda isə $114 təşkil edib. Bu göstərici hazırkı Brent markalı neftin qiymətindən ($71) xeyli yüksəkdir.
Mövcud vəziyyət Ər-Riyadı beynəlxalq borc bazarlarına daha fəal çıxmağa, həmçinin “Vision 2030” strategiyası çərçivəsində bəzi iri layihələrin icrasını yenidən nəzərdən keçirməyə və ya təxirə salmağa məcbur edir.
Hakimiyyət cari ildə büdcə kəsirinin ÜDM-in 3,3%-nə qədər azalacağını gözləyir. Lakin “Goldman Sachs” və “Bank of America” analitikləri daha yüksək – 5–6% səviyyəsində kəsir proqnozlaşdırırlar.





