7 C
Baku
Tuesday, February 24, 2026

IBM səhmləri son 25 ildə ən kəskin eniş göstərib

Texnologiya şirkəti IBM-in səhmləri son 25 ildən artıq dövrdə ən sərt eniş nümayiş etdirib. 23 fevral, bazar ertəsi Nyu-York Fond Birjasında keçirilən hərraclarda IBM səhmləri 13,2% ucuzlaşıb — bu, 2000-ci ilin oktyabrından bəri ən böyük birgünlük enişdir. “Bloomberg”in hesablamalarına görə, fevral ayında ümumilikdə IBM səhmləri 27% dəyər itirib ki, bu da ən azı 1968-ci ildən bəri ən ciddi aylıq azalmadır.

CNBC yazır ki, satış dalğası süni intellekt startapı “Anthropic”in “Claude Code” alətinin “Cobol” proqramlaşdırma dilində istifadə oluna biləcəyini bəyan etməsindən sonra başlayıb. Bu sahə IBM-in əsas fəaliyyət istiqamətlərindən biri hesab olunur.

“Anthropic” bildirib ki, “Claude Code” “Cobol” dilində yazılmış kodun yenilənməsinə kömək edə bilər. “Cobol” əsasən bank, sığorta və dövlət sistemlərində IBM tərəfindən istifadə olunur. Belə sistemlərin modernləşdirilməsi əvvəllər illərlə prosesləri araşdıran böyük konsultant komandalarının işini tələb edirdi. Şirkətin açıqlamasında qeyd olunur ki, “Claude Code kimi alətlər Cobol kodunun yenilənməsi zamanı ən çox vaxt və resurs tələb edən araşdırma və analiz mərhələlərini avtomatlaşdıra bilər”. Süni intellekt sayəsində şirkətlər məhsullarını illər deyil, bir neçə rüb ərzində modernləşdirə bilərlər.

“Cobol” proqramlaşdırma dili 60 ildən artıq əvvəl hazırlanıb. “Anthropic”in məlumatına görə, ABŞ-də bankomat əməliyyatlarının təxminən 95%-i bu dildə yazılmış məhsulların payına düşür. Bundan əlavə, bu proqramlar maliyyə sektorunda, aviaşirkətlərdə və dövlət qurumlarında gündəlik olaraq kritik sistemlərdə istifadə olunur.

Son aylarda proqram təminatı hazırlayan Amerika şirkətlərinin səhmləri süni intellekt alətlərinin imkanlarının artması və bunun biznes modellərinə mənfi təsiri ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşıb.

Bazar ertəsi ABŞ fond bazarında satışlar davam edib. S&P 500 indeksi sessiyanın yekununda 1% azalıb, texnologiya şirkətlərinə fokuslanan Nasdaq Composite indeksi isə 1,1% geriləyib. Proqram təminatı sahəsində fəaliyyət göstərən “Salesforce”, “ServiceNow” və “Oracle” şirkətlərinin səhmləri təxminən 4% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər