Azərbaycanın qida sənayesi və aqrar istehsal sektorunda fəaliyyət göstərən “Agro Dairy” şirkətlər qrupunun dənəli məhsullar emalı istiqaməti üzrə struktur vahidi olan “AgroTrade Supply” MMC-nin (ATS) icraedici rəhbərliyində dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, qəbul edilmiş qərara əsasən, Cəfərli Tural Ramis oğlu “AgroTrade Supply” MMC-nin Direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu vəzifə son dövrdə müvəqqəti olaraq Camalov Röyal Vəkil oğlu tərəfindən icra edilirdi.
T.Cəfərli Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, “Beynəlxalq Ticarət” ixtisası üzrə magistr təhsili almışdır. O, bakalavr təhsilinin bir hissəsini mübadilə proqramı çərçivəsində ABŞ-ın Şərqi Tennesi Dövlət Universitetində davam etdirmişdir. Amerikanın Sertifikatlı İctimai Mühasiblər (CPA) İnstitutunun üzvüdür. Beynəlxalq Sertifikatlı Maliyyə Modelləşdirməsi və Qiymətləndirmə Analitikidir (FMVA).
T.Cəfərli ümumilikdə 15 ilin üzərində əməliyyat, maliyyə və audit üzrə peşəkar təcrübəyə malikdir. Müxtəlif illərdə “Ernst & Young”, “KPMG”, “Deloitte” Bakı və “Deloitte” İsveç ofislərində maliyyə və audit istiqamətləri üzrə fəaliyyət göstərib.
2021-ci ilin fevral ayında “Veysəloğlu Şirkətlər Qrupu” tərkibində “Veysəloğlu Distribusiya Qrup”a Maliyyə Direktoru və İdarə Heyətinin üzvü kimi qoşulmuş, daha sonra “AVT Logistics” MMC-də Maliyyə direktoru və İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirmişdir.
Son təyinata qədər isə Tural Cəfərli “Veysəloğlu Distribusiya Qrup”da Tədarük Zənciri Direktoru və İdarə Heyətinin üzvü vəzifəsində çalışmışdır. O, nəqliyyat və logistika strategiyasının formalaşdırılması və əməliyyatlarının idarə olunması, anbar infrastrukturunun inkişafı, optimallaşdırılması və effektiv idarə edilməsi, beynəlxalq daşımaların təşkili, tələb planlaması, eləcə də strateji tədarük proseslərinə rəhbərlik və tədarük funksiyasının ümumi performansının təmin edilməsinə məsul olub.
Xatırladaq ki, “AgroTrade Supply” MMC “Agro Dairy”nin dənəli məhsullar emalı istiqaməti üzrə fəaliyyət göstərən müəssisələrini birləşdirən əsas struktur vahididir. Şirkət kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində geniş fəaliyyət spektrinə malikdir.







