9 C
Baku
Wednesday, March 4, 2026

İsveç Mərkəzi Bankı vətəndaşları mümkün müharibə vəziyyəti üçün nağd pul ehtiyatı saxlamağa çağırıb

İsveç Mərkəzi Bankı ölkənin bütün yetkin vətəndaşlarını müharibə və ya digər böhran vəziyyətində istifadə etmək üçün bir həftəlik nağd pul ehtiyatı — 1000 kron (təxminən $110) saxlamağa çağırıb. Bu vəsait ərzaq, dərman və digər zəruri məhsulların alınması üçün nəzərdə tutulur. Bu barədə “Bloomberg” agentliyi müvafiq bəyanata istinadən xəbər verir.

Tənzimləyici həmçinin bildirib ki, isveçlilər müxtəlif bankların kartlarına sahib olmalı və yerli onlayn ödəniş xidməti olan “Swish”dən istifadə etməlidirlər. Qurumun izahına görə, müxtəlif ödəniş üsullarına çıxışın olması müvəqqəti texniki nasazlıqlar zamanı ödəniş imkanlarını artırır. Agentliyin qeyd etdiyinə görə, İsveçin ödəniş sistemi xüsusilə həssas hesab olunur, çünki o, yüksək dərəcədə rəqəmsallaşdırılıb və ödənişlərin yalnız hər onuncusu nağd şəkildə həyata keçirilir.

Ölkə hökuməti də vətəndaşlara broşür göndərib. Orada, digər məsələlərlə yanaşı, nə qədər içməli su ehtiyatı saxlamaq lazım olduğu və elektrik kəsilməsi zamanı xəbərlərə necə çıxış əldə etmək barədə məlumat verilir.

“Bloomberg” yazır ki, bu tövsiyələr İsveç hakimiyyətinin cəmiyyəti mümkün hərbi və ya kiberhücumun nəticələrinə hazırlamaq cəhdidir. Bu addımlar Rusiya və daha az ehtimal olunan İran tərəfindən artan təhlükələr fonunda atılır.

BFMTV telekanalı isə fevralın 25-də İsveçdə pilotsuz uçuş aparatının aşkar edilərək zərərsizləşdirildiyini bildirib. Dron İsveçin Malmö limanından təxminən 10 km məsafədə, burada lövbər salmış “Şarl de Qoll” aviadaşıyıcısının yaxınlığında tapılıb. İsveç Müdafiə Nazirliyi pilotsuz aparatın ehtimal ki, Rusiyadan gəldiyini açıqlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, İsveç silahlı qüvvələrinin ələ keçirdiyi dronun yaxınlıqda Rusiya gəmisinin olması səbəbindən Rusiyaya aid olduğu iddiası absurddur.

Son xəbərlər
Digər xəbərlər