Azərbaycanın lombard bazarında fəaliyyət göstərən “GL” ASC və ya “Sizin Lombard” Bakı Fond Birjasında 5 milyon manatlıq istiqraz yerləşdirilmək üçün istiqraz emissiyası həyata keçirməyi planlaşdırır.
Banker.az xəbər verir ki, sənədə əsasən, emissiya çərçivəsində 50 000 ədəd adlı, faizli, təmin edilməmiş və sənədsiz istiqraz buraxılacaq. Hər bir istiqrazın nominal dəyəri 100 manat təşkil edir.
İstiqrazların tədavül müddəti 7 il, illik faiz dərəcəsi isə 15% müəyyən edilib. Faiz ödənişləri ayda bir dəfə həyata keçiriləcək.
Sənədə görə, istiqrazlar Bakı Fond Birjasında hərrac üsulu ilə yerləşdiriləcək. Həmçinin tədavül müddəti ərzində tərəflərin qarşılıqlı razılığı ilə istiqrazların geri satın alınması da mümkün olacaq.
İstiqraz buraxılmasının əsas məqsədi cəmiyyətin borc öhdəliklərinin vaxtında və tam yerinə yetirilməsini təmin etmək, maliyyə vəziyyətini möhkəmləndirmək və maliyyə dayanıqlılığını artırmaqdır. Eyni zamanda cəlb olunacaq vəsaitlərin şirkətin fəaliyyətinin səmərəli və davamlı şəkildə həyata keçirilməsinə dəstək verəcəyi gözlənilir.
“GL” ASC-nin yeganə səhmdarı Quliyev Fərman Eldar oğludur. Şirkətin nizamnamə kapitalının 100%-i ona məxsusdur.
Şirkətin dərc etdiyi hesabat məlumatlarına əsasən, 2025-ci ildə xalis mənfəət təxminən 5.05 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2024-cü ildə təxminən 3.03 milyon manat idi. Beləliklə, şirkət bir il ərzində mənfəətini 2 milyon manatdan çox artırıb. Hesabat dövründə “GL” ASC-nin cəmi aktivləri də artım tendensiyasını davam etdirərək təxminən 53 milyon manata yaxınlaşıb (2024-cü ildə bu rəqəm 52.92 milyon manat idi). Şirkətin əsas gəlir mənbəyi olan kredit portfeli isə 2024-cü ildəki 46.27 milyon manatdan 2025-ci ildə 50.83 milyon manata yüksəlib.






