Yaxın Şərqdəki uzunmüddətli hərbi münaqişə bazarlara və iqtisadiyyata zərbə vuracaq, həmçinin gözlənilməz çağırışlar yarada bilər.
“Bloomberg”in məlumatına əsasən, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) direktoru Kristalina Georgiyeva martın 9-u Yaponiyada çıxışı zamanı bildirib.
“Əgər yeni münaqişə uzunmüddətli olarsa, o, açıq-aydın bazara, iqtisadi artıma və inflyasiyaya təsir göstərəcək, bundan əlavə, hökumətlər qarşısında yeni vəzifələr qoyacaq”, – o deyib.
Direktorun sözlərinə görə, yeni sarsılmalar hətta münaqişə başa çatdıqdan sonra da yarana bilər, bu da qeyri-müəyyənliyin davam edəcəyi perspektivini vurğulayır: “Bu yeni qlobal vəziyyətdə ağlasığmaz olanlar barədə fikirləşmək və ona hazırlaşmaq lazımdır”.
K.Georgiyeva bu bəyanatla matın 9-u neftin qiyməti bir barel üçün təxminən 120 dollara qədər yüksəldikdən və daha sonra Yaxın Şərqdə münaqişənin eskalasiyası, eləcə də neft nəqli marşrutları və qlobal enerji infrastrukturuna artan təzyiq fonunda yenidən aşağı düşdükdən sonra çıxış edib.
IMF direktoru əlavə edib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazı vasitəsilə gəmiçilik 90% azalıb.






