İngiltərə Bankı ölkədə yeni banknot seriyasının buraxılışına hazırlaşır.
Banker.az “BBC”yə istinadən xəbər verir ki, yeni pulların üzərində Uinston Çörçill və yaxud Ceyn Ostin kimi tarixi şəxsiyyətlərin təsvirlərinin əvəzinə, nadir heyvan və quş növlərinin şəkilləri yer alacaq.
Ekspertlərin fikrincə, pulların üzərində quş və heyvan təsvirlərini saxtalaşdırmaq daha çətindir. Yaxın zamanlarda vəhşi təbiət üzrə mütəxəssislər Böyük Britaniyada yaşayan nadir heyvan və quşların siyahısını tərtib edəcək.
Qeyd edək ki, 1960-cı ildən İngiltərə Bankının banknotlarında monarxların təsvirləri yer almağa başlayıb. 1970-ci ildən isə pulların üzərində tarixi şəxsiyyətlərin fotoları yerləşdirilib. Hazırda dövriyyədə üzərində Uinston Çörçill, Ceyn Ostin, Cozef Terner və Alan Türinqin təsvirləri olan banknotlar var.





