“Adobe” şirkətinin baş direktoru Şantanu Narayen vəzifəsini tərk edəcək. O, şirkətin yeni rəhbəri tapılana qədər öz səlahiyyətlərini icra etməyə davam edəcək. Bu barədə CNBC yazır. Yeni rəhbərin kim olacağı hələ məlum deyil və axtarışın ən azı bir neçə ay çəkəcəyi gözlənilir. Narayen isə şirkətin direktorlar şurasının sədri vəzifəsində qalacaq.
Narayen 1998-ci ildən “Adobe”də çalışır, 2007-ci ildə isə şirkətin baş direktoru təyin olunub. Onun rəhbərliyi dövründə şirkət proqram təminatının lisenziya ilə satışından “Creative Cloud” abunə modelinə keçib.
Şirkət əməkdaşlarına müraciətində Narayen fəaliyyəti dövründə əldə olunan nəticələri xatırladıb: bu müddətdə “Adobe”nin əməkdaşlarının sayı 3000-dən 30 mindən çoxa yüksəlib, şirkətin gəliri isə 1 milyard dollardan 25 milyard dollara çatıb. O həmçinin bildirib ki, hazırda süni intellekt, yeni iş prosesləri və özünü ifadə etməyin yeni üsullarının mühüm rol oynayacağı yeni dövr başlayır.
Onun rəhbərliyi dövründə “Adobe” səhmləri təxminən altı dəfə artıb. 13 mart 2026-cı il Bakı vaxtı ilə saat 11:07-yə olan məlumata görə, şirkətin səhmləri 246,55 dollar səviyyəsində ticarət olunurdu. Lakin baş direktorun istefası ilə bağlı xəbərlər fonunda səhmlər 8% ucuzlaşıb.







