“Bank of America” 2026-cı il üçün iri texnoloji şirkətlərin (hiperskeylerlərin) investisiya səviyyəli borc kağızlarının yerləşdirilməsi üzrə proqnozunu 25% artıraraq 175 milyard dollara çatdırıb. Bu barədə analitik qeydə istinadən “Bloomberg” yazır. Hiperskeylerlərə “Microsoft”, “Alphabet”, “Amazon”, “Meta” və digər iri məlumat mərkəzi operatorları daxildir.
“BofA” analitikləri proqnozu “Amazon”un 54 milyard dollarlıq istiqraz yerləşdirməsindən sonra yeniləyiblər. Analitik Tom Kurkuruto bildirib ki, ilin sonuna qədər əlavə 65 milyard dollarlıq yerləşdirmə gözlənilir: təxminən 30 milyard dollar — “Meta”, 20 milyard dollar — “Microsoft” və 15 milyard dollar — “Alphabet” tərəfindən. Bankın qiymətləndirməsinə görə, borcun təxminən 25%-i xarici valyutada yerləşdiriləcək.
Kurkuruto qeyd edib ki, proqnozun növbəti yenilənməsi şirkətlərin aprel ayının sonu — mayın əvvəlində gözlənilən maliyyə hesabatlarından asılı olacaq.
“Bank of America” proqnozu “Amazon”un böyük həcmli istiqraz yerləşdirməsindən sonra dəyişib. Şirkət ABŞ-də 37 milyard dollarlıq, Avropada isə 14,5 milyard avroluq istiqraz buraxıb. “Bloomberg” qeyd edir ki, bu, Avropa bazarı üçün rekord həcmdir. Fevral ayında “Alphabet” ABŞ və Avropada istiqraz yerləşdirməklə təxminən 32 milyard dollar, “Oracle” isə 25 milyard dollar cəlb edib.
“Bloomberg”in yazdığına görə, texnoloji şirkətlər süni intellekt infrastrukturu üçün xərcləri aktiv şəkildə artırır və maliyyələşmənin böyük hissəsini borc bazarı vasitəsilə cəlb edir. Gözlənilir ki, hiperskeylerlərin data mərkəzlərinə xərcləri 2026-cı ildə 600 milyard dolları keçəcək ki, bu da ötən illə müqayisədə təxminən 70% çoxdur.





