®Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi layihələrlə cəmiyyətin həssas qruplarına dəstəyini davam etdirir. Müqəddəs Ramazan bayramı və Novruz bayramı ərəfəsində bank tərəfindən 100 şəhid ailəsi ziyarət olunub.
Bankın təşəbbüsü, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə Quba və Qusar rayonları üzrə II Qarabağ müharibəsi şəhidlərinin ailələri ziyarət edilib. Görüşlər zamanı ailələrə Ramazan bayramına özəl hazırlanmış sovqatlar təqdim olunub.
Ziyarətlər çərçivəsində Rabitəbankın nümayəndələri şəhid ailələrini bayram münasibətilə təbrik edib, Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bildirilib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı yalnız sosial dəstək deyil, həm də onların yanında olmağın, mənəvi dəyərlərin qorunmasının və cəmiyyət olaraq birliyimizin ifadəsidir.
Qeyd edək ki, Rabitəbank fəaliyyəti dövründə hər zaman şəhid ailələri və qazilərə yönəlmiş sosial layihələr həyata keçirib, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edib. Bank bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirməyi qarşısına əsas məqsədlərdən biri kimi qoyub.
Rabitəbank hər zaman “Rahat bankçılıq” prinsipi ilə yanaşı, cəmiyyətə dəyər qatmağı da prioritet hesab edir və sosial məsuliyyət təşəbbüsləri ilə bu dəyərləri yaşatmağa davam edir.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

















