Sentyabrın 8-də Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, S&P 500 indeksi üzrə fyuçerslər 0,03% artaraq 7 724 bəndə yüksəlib. Bazar ertəsi ABŞ-də Əmək Günü ilə əlaqədar birjalarda ticarət keçirilməyib.
Bloomberg yazır ki, ABŞ birjalarında bugünkü sessiya enişlə başlaya bilər. Yaxın Şərqdə münaqişənin başa çatmasına dair hər hansı siqnalın olmaması investorlar arasında narahatlığı artırır. Bunun fonunda Brent markalı neftin qiyməti ötən gün iyulun 24-dən bəri ilk dəfə bir barel üçün 98 dolları keçib.
Neft qiymətlərinin kəskin yüksəlməsi inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. ABŞ-də avqust ayı üzrə inflyasiya məlumatları bu cümə açıqlanacaq və göstəricilər FED-in 15–16 sentyabr iclasında faiz dərəcəsi ilə bağlı qərarına birbaşa təsir göstərəcək. Bu səhər də neft qiymətləri yüksəlir: Brent fyuçersləri 0,67% bahalaşaraq 97,65 dollara, WTI isə 1,72% artaraq 93,05 dollara çatıb.
Asiya bazarlarında isə əsasən müsbət əhval müşahidə olunur. Cənubi Koreyanın çip istehsalçılarının səhmlərindəki yüksəliş yerli bazarda investor əhvalını dəstəkləyir.
Nikkei 225 indeksi 0,04% artaraq 66 427,07 bəndə, Kospi isə 2,03% yüksələrək 7 137,27 bəndə çatıb. Honq Konqun Hang Seng indeksi 0,27% azalaraq 25 345,57 bəndə düşüb, Çinin Shanghai Composite indeksi isə 0,36% artaraq 3 946,98 bənd təşkil edib.







