“Sea Breeze”də daha bir şirkət yaradılıb

Şimali Kipr mərkəzli və beynəlxalq səviyyədə tanınan “Merit Hotels & Casinos” qrupunun beynəlxalq marketinq üzrə vitse-prezidenti Umut Karan Bakıdakı “Sea Breeze”də şirkət təsis edib.

Banker.az xəbər verir ki, yeni yaradılan şirkət “Royale Sea Breeze Operation” MMC-dir. Şirkət 100 manat nizamnamə kapitalı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu, ev 32X ünvanında – yəni “Sea Breeze” kompleksi ərazisində qeydiyyata alınıb.

Qeyd edək ki, “Sea Breeze” son dövrlərdə beynəlxalq investorlar üçün cəlbedici mərkəzə çevrilib. Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sea Breeze Resort” “Crowne Plaza”, “Rixos” və “Radisson Hotel Group” ilə hotel layihələri üzrə əməkdaşlıq memorandumu imzalayıb, forumda “Merit Hotels & Casinos” da iştirak edib. Layihə çərçivəsində “Digital Residence” ilə rəqəmsal yaşayış konsepti üzrə tərəfdaşlıq qurulub. Həmçinin, “Sea Breeze Health Valley” istiqamətində “Sana Hospital Group”, “Don Agro International” və Azərbaycan Biznesin İnkişafı Fondu ilə tibbi turizm və klaster layihələri planlaşdırılır.

“Sea Breeze” 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb.

Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər