Böyük Britaniyanın kralı III Çarlz və həyat yoldaşı kraliça Kamilla ABŞ prezidenti Donald Trampın dəvəti ilə aprelin sonunda ABŞ-yə dövlət səfəri edəcəklər. Bu barədə Bukinhem sarayının mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: “Hökumətin tövsiyəsi və ABŞ prezidentinin dəvəti ilə kral və kraliça ABŞ-yə dövlət səfəri edəcəklər”. Qeyd olunur ki, səfər ABŞ-nin Böyük Britaniyadan müstəqilliyinin 250 illiyinə həsr olunub.
Bildirilir ki, bundan sonra III Çarlz Bermud adalarına yollanacaq. Bu, onun monarx kimi Britaniyanın dənizaşırı ərazisinə ilk səfəri olacaq. Hər iki səfərin detallı proqramı daha sonra açıqlanacaq.
III Çarlzın anası, kraliça II Yelizaveta (1926–2022) hakimiyyəti dövründə ABŞ-yə dörd dəfə — 1957, 1976, 1991 və 2007-ci illərdə dövlət səfəri etmişdi. Hazırkı kral Uels şahzadəsi olduğu dövrdə ABŞ-yə 19 dəfə səfər edib. O, 1970-ci ildə Bermud adalarında da olub.
Çarlz II Yelizavetanın Bermud adalarına son səfəri 2009-cu ildə baş tutub. Hazırda bu əraziləri ziyarət edən son kral ailəsi üzvü Qloster hersoginyası Birgitta — II Yelizavetanın əmisi oğlu şahzadə Riçardın həyat yoldaşıdır. Onun səfəri 2025-ci ilin oktyabrında olub.
Bundan əvvəl Böyük Britaniya parlamentinin İcmalar Palatasının bir sıra deputatları hökuməti III Çarlza ABŞ-yə səfər etməməyi tövsiyə etməyə çağırmışdılar. Onların fikrincə, bu addım Londonun ABŞ-nin İranla bağlı hərbi əməliyyatlarına qoşulmamasına görə Trampın Böyük Britaniyanı tənqid etməsinə cavab ola bilərdi.





