“Goldman Sachs”ın ekspertləri hesab edirlər ki, Çin iqtisadiyyatı İranda davam edən münaqişənin yaratdığı tarixi neft böhranını digər ölkələrə, o cümlədən ABŞ-yə nisbətən daha yaxşı qarşılamağa hazırdır.
Şirkətin iqtisadçılarının məlumatına görə, müharibə Çinin ÜDM-ni 20 baza bəndi azalda bilər ki, bu da ABŞ üçün proqnozlaşdırılan 40 baza bəndlik azalmadan təxminən iki dəfə azdır.
“Goldman Sachs”ın strateqləri qeyd edirlər ki, Çin iqtisadiyyatının dayanıqlığı Pekinin enerji mənbələrini şaxələndirmək istiqamətində gördüyü tədbirlərlə bağlıdır.
2024-cü ildə neft və mayeləşdirilmiş təbii qaz Çində ilkin enerji istehlakının 28%-ni təşkil edib ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Eyni dövrdə alternativ və bərpa olunan enerji mənbələrinin payı ölkədə elektrik enerjisi istehsalının 40%-nə çatıb.
Münaqişənin Çin iqtisadiyyatına təsirini azaldan amillərdən biri də böyük neft ehtiyatlarıdır. Xam neft idxalı tam dayandırılarsa, Çin strateji və kommersiya ehtiyatları hesabına tələbatını 110 gün ərzində ödəyə bilər.
Çin enerji resurslarını Yaxın Şərqdən kənarda yerləşən bir neçə təchizatçıdan əldə edir ki, bu da İrandakı münaqişə ilə bağlı riskləri minimuma endirməyə imkan verir. Bu təchizatçılar arasında Rusiya, Avstraliya və Malayziya da var.
Yaxın Şərqdə bir aylıq münaqişə neft qiymətlərinin müharibədən əvvəlki səviyyə ilə müqayisədə demək olar ki, 50% artmasına səbəb olub.
Enerji resurslarının bahalaşması iqtisadçıların iqtisadi artımla bağlı proqnozlarını pisləşdirib və inflyasiya ilə bağlı narahatlıqları artırıb. Bəzi ekspertlər isə staqflyasiya riskindən də ehtiyat edir.
Uoll-Strit analitikləri də mövcud münaqişə fonunda mənfəət proqnozlarını aşağı salıblar.







