Qlobal ərzaq qiymətləri indeksi mart ayında artıb.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Bildirilir ki, martda qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,4 faiz, illik müqayisədə isə 1 faiz artıb. Yaxın Şərqdəki münaqişə fonunda ərzaq qiymətləri indeksində ikinci aydır ki, artım qeydə alınıb.
Taxıl, ət və süd məhsulları, bitki yağları və şəkər tozu daxil olmaqla bütün əmtəə qrupları üzrə qiymət indeksləri müxtəlif dərəcələrdə artıb. Belə ki, ötən ay taxılın qiymət indeksi 1,5 faiz, o cümlədən buğda qiymətləri 4,3 faiz artıb. Qarğıdalı qiymətləri və arpa qiymət indeksində də artım müşahidə olunub. Bitki yağı qiymət indeksi aylıq müqayisədə 5,1 faiz, illik əsasda isə 13,2 faiz artıb. Ət qiymətləri indeksində aylıq 1 faiz, illik müqayisədə 8 faiz artım qeydə alınıb. Süd məhsulları qiymət indeksi əvvəlki aya görə 1,2 faiz artıb, illik müqayisədə isə 18,7 faiz azalıb. Bu, əsasən süd tozu və kərə yağı qiymətlərinin artması ilə əlaqədardır və 2025-ci ilin iyul ayından bəri ilk aylıq artımdır.
Şəkər tozu qiymət indeksi də aylıq müqayisədə 7,2 faiz artaraq ötən ilin noyabr ayından bəri ən yüksək səviyyəyə çatıb. Lakin illik əsasda 21 faiz azalıb. Düyü qiymət indeksində də aylıq müqayisədə 3 faiz azalma qeydə alınıb.







