Goldman Sachs-ın proqnozuna görə, əgər Hörmüz boğazı daha bir ay bağlı qalsa, 2026-cı il ərzində Brent markalı neftin orta qiyməti bir barel üçün $100-dən yuxarı olacaq. Bu barədə Bloomberg məlumat yayıb.
Bankın analitiklərinin sözlərinə görə, İran və ABŞ arasında iki həftəlik atəşkəsə baxmayaraq, Yaxın Şərqdə vəziyyət qeyri-sabit olaraq qalır. Təşkilatda qeyd ediblər ki, region ölkələrindən yanacağın tranziti üçün əsas marşrut olan Hörmüz boğazı ilə bağlı razılaşmalar hələ də tam aydın deyil.
Goldman Sachs-ın baza ssenarisinə əsasən, dəniz dəhlizi üzrə neft və qaz tədarükü 11–12 aprel tarixlərində bərpa olunacaq. Bu halda Brent neftinin qiyməti 2026-cı ilin III rübündə $82, IV rübündə isə $80 təşkil edəcək. Əgər boğaz daha bir ay bağlı qalsa, ilin ikinci yarısında Brent-in qiyməti $100-dən yuxarı olacaq. Daha uzun müddətli bağlanma isə qiymətlərin III rübdə $120-yə, IV rübdə isə $115-ə qədər yüksəlməsinə səbəb ola bilər.
28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Döyüşlərin başlanmasından bəri neftin qiyməti $65-dən $100-ə qədər artıb. Mart ayında qiymət artımı 1983-cü ildən bəri rekord olub. Bahalaşma, o cümlədən Hörmüz boğazının bağlanması ilə əlaqədardır — bu dəniz dəhlizi vasitəsilə dünya üzrə neft və LNG tədarükünün təxminən beşdə biri həyata keçirilirdi.
Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib. Onun sözlərinə görə, bu müddət ərzində tərəflər, xüsusilə də Hörmüz boğazı ilə bağlı yekun sülh razılaşmasına nail olmalıdır. İran və ABŞ nümayəndə heyətlərinin danışıqları bu həftə Pakistan ərazisində başlaya bilər.







