“Azersun Holding”ə yaxın “Azərbaycan Sənaye Bankı” ASC 2026-cı ilin ilk rübünü 1.72 mln. manat xalis mənfəətlə başa vurub.
Banker.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1.0% azalmanı ifadə edir — ötən ilin müvafiq dövründə bank 1.74 mln. manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə “ASB Bank”ın faiz gəlirləri 10.96 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 18.7% artım deməkdir. Artım əsasən kreditlər üzrə faiz gəlirlərinin 4.86 mln. manatdan 6.29 mln. manata yüksəlməsi ilə formalaşıb. Eyni zamanda banklarda depozitlər üzrə faiz gəlirləri də artaraq 4.29 mln. manatdan 4.60 mln. manata çatıb. Faiz xərcləri isə 4.65 mln. manatdan 5.97 mln. manata yüksələrək 28.2% artıb ki, bu da xalis faiz gəlirinin artım tempini məhdudlaşdırıb. Nəticədə xalis faiz gəliri 4.99 mln. manat olub və illik müqayisədə 9 % artım göstərib.
Qeyri-faiz gəlirləri 4 mln. manat təşkil edib və 2025-ci illə müqayisədə 4.8% artıb. Bu artım əsasən digər xidmətlər üzrə komissiya gəlirlərinin 2.27 mln. manatdan 2.63 mln. manata yüksəlməsi hesabına formalaşıb. Qeyri-faiz xərcləri isə 6.13 mln. manatdan 6.77 mln. manata yüksələrək 10.4% artım göstərib.
Bankın əməliyyat mənfəəti 2.22 mln. manat təşkil edib və illik müqayisədə 2.1% azalıb.







