Səudiyyə Ərəbistanından Çinə neft tədarükləri may ayında təxminən iki dəfə azalaraq apreldəki 40 milyon barelə qarşı 20 milyon barelə düşə bilər. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Məlumata görə, azalma “Saudi Aramco”nun İran ətrafındakı münaqişə və Hörmüz boğazının faktiki bağlanması fonunda satış qiymətlərini rekord səviyyəyə qaldırmasından sonra qiymətlərin kəskin artması ilə bağlıdır. Qeyd olunur ki, tədarüklərin bir hissəsi Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı vasitəsilə yönləndirilir, lakin onun gücü əvvəlki ixrac həcmlərini kompensasiya etmək üçün kifayət etmir.
11 aprel tarixində İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlamentin spikeri Mohammad Baqer Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtondan bildirilib ki, tərəflər bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli tənzimlənməsi ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti mümkün danışıqlar raundunun detalları isə hələlik məlum deyil.
12 aprel tarixində ABŞ lideri Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin və digər ölkələrin Hörmüz boğazının blokadasına başladığını bəyan edib.





