Azərbaycanın qərb bölgəsində yanacaq qıtlığı yaranıb

Azərbaycanın qərb rayonlarında yanacaq qıtlığı yaşanır.

Yanacaqdoldurma məntəqələrinin sahibləri bildirirlər ki, onlar üçün yanacaq almaq müşkül məsələyə çevrilib.

7 saylı Qazax neft-baza sahəsi fəailiyyətini dayandırdıqdan sonra onlar yanacağı Gəncə şəhərindən gətirdiklərini bildirirlər. Qazax və Ağstafa rayonlarında fəaliyyət göstərən sahibkarların sözlərinə görə, bəzən Gəncədə də yanacaqla bağlı yaranan problemlər onları əlavə xərclərlə üz-üzə qoyur, həmçinin günlərlə gözləməli olurlar.

Sahibkarların sözlərinə görə, mövcud problem Tovuz, Şəmkir və Gədəbəy rayonlarında da hökm sürür. Onların sözlərinə görə, hətta bəzi YDM-lər fəaliyyətini müvəqqəti dayandırıb.

Bu problem sahibkarlarla bərabər sürücülərin də işini çətinləşdirir. Sürücülərin sözlərinə görə, yanacaq qıtlığı səbəbindən bəzən kilometrlərlə yol qət etməli olurlar.

“SOCAR PETROLEUM” QSC-dən bildirilib ki, cari ilin yanvar ayında Qazax rayonu ərazisində yerləşən 7 saylı Neftbaza sahəsində baş verən qəzadan dərhal sonra obyektin fəaliyyəti təhlükəsizlik və texniki təftiş məqsədilə dayandırılıb, hadisənin səbəblərinin araşdırılması və texniki vəziyyətin qiymətləndirilməsi məqsədilə xüsusi komissiya yaradılıb. Bu tip strateji obyektlərdə qəza və partlayış risklərinin tam aradan qaldırılması, eləcə də gələcəkdə davamlı fəaliyyətin təmin edilməsi məqsədilə aparılan kompleks texniki prosedur və yoxlamalar müəyyən zaman tələb edir. Hazırda Neftbaza sahəsi ərazisində zəruri təmir-bərpa və modernizasiya işləri aparılır. Təmir prosesi yekunlaşdıqdan və müvafiq dövlət qurumlarının istismara dair müsbət rəyi alındıqdan sonra obyekt yenidən fəaliyyətə başlayacaq.

Son xəbərlər
Digər xəbərlər