WSJ: Qlobal enerji şirkətləri Yaxın Şərqdən kənarda neft hasilatına sərmayə qoyur

ABŞ-nin “Chevron” və “Exxon Mobil” şirkətləri də daxil olmaqla aparıcı enerji şirkətləri İranda müharibə fonunda neft hasilatını genişləndirir və Yaxın Şərqdən kənarda yeni yataqların işlənməsinə sərmayə qoyurlar. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Qəzetin yazdığına görə, bu addımlar Hörmüz boğazında gəmiçiliyin çətinləşməsi və ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə enerji infrastrukturunun zədələnməsi ilə bağlıdır. Belə ki, “Exxon Mobil” Nigeriya sahillərində dərin dəniz yataqlarının işlənməsinə 24 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırır. “Chevron” Venesuelada fəaliyyətini genişləndirib, Britaniyanın “BP” şirkəti Namibiya sahillərində neft yataqlarında paylar əldə edib, Fransanın “TotalEnergies” isə Türkiyə ilə kəşfiyyat üzrə razılaşma imzalayıb.

Qeyd olunur ki, bu beş şirkət yalnız Afrika və Cənubi Amerikada deyil, həm də Aralıq dənizi regionunda yataqların işlənməsi imkanlarını araşdırır. Keçən həftə “Exxon Mobil” Yunanıstan sahillərində hasilata başlamağa yaxınlaşıb. “Chevron” isə bu il dünya üzrə dəniz yataqlarının işlənməsinə artıq 7 milyard dollar ayırıb.

“Wood Mackenzie” konsaltinq şirkətinin qiymətləndirməsinə görə, iri neft şirkətləri yaxın illərdə enerji resurslarının kəşfiyyatı layihələrindən ümumilikdə 120 milyard dollar gəlir əldə edə bilər. Qəzet qeyd edir ki, neft qiymətlərinin kəskin artımı şirkətlərə əvvəllər əlçatmaz və ya maraq doğurmayan regionlarda kəşfiyyat aparmaq üçün maliyyə imkanları yaradır. Mənbələrin sözlərinə görə, şirkətlər yüksək neft qiymətlərindən maksimum fayda əldə etmək üçün hasilatı mümkün qədər artırmağa çalışırlar.

Son xəbərlər
Digər xəbərlər