Hörmüz boğazında hərəkət azad olmalıdır, çünki bu, bütün Yaxın Şərq regionu ölkələrinin maraqlarına uyğundur. Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı zamanı bildirib, “Sinxua” agentliyi xəbər verir.
“Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır, bu, region ölkələrinin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavab verir”, — deyə Çin lideri bildirib.
O, həmçinin dərhal atəşkəsə çağırıb. Çin rəhbərinin sözlərinə görə, ölkə Yaxın Şərq dövlətlərini mehriban qonşuluq, təhlükəsizlik və əməkdaşlıq quruculuğunda dəstəkləyir.
Aprelin 7-də İran və ABŞ iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 13-də ABŞ Hörmüz boğazına qarşı dəniz blokadasına başlayıb. Aprelin 17-də Tehran birtərəfli qaydada boğazı kommersiya gəmiləri üçün açsa da, aprelin 18-i axşam saatlarında ABŞ-nin İran limanlarına qarşı blokadanı davam etdirməsi səbəbindən onu yenidən bağlamaq qərarına gəlib.







