Kənd təsərrüfatına hər manat subsidiya üzrə istehsal aşağı düşüb

Kənd təsərrüfatına hər manat subsidiya üzrə istehsal 38 manatdan 26 manata düşüb.

Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəlilik təhlili dövlət subsidiyalarının artmasına baxmayaraq sahədə nəticələrin gözlənilən səviyyədə olmadığını göstərib.

Təhlilə görə, 2007-2019-cu illərdə kənd təsərrüfatı istehsalçılarına 2 mlrd. 58,7 mln. manat birbaşa subsidiya verilib. Yeni subsidiya mexanizminin tətbiq olunduğu 2020-2025-ci illərdə isə bu məbləğ illik 398,3-470 mln. manat aralığında dəyişib.

Bununla belə, hər manat birbaşa subsidiyaya düşən kənd təsərrüfatı istehsalı azalıb. Belə ki, bu göstərici 2007-2019-cu illərdə orta hesabla 38 manat olduğu halda, 2020-2025-ci illərdə 26 manata enib.

Sənəddə qeyd olunub ki, 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 14 mlrd. 189,5 mln. manat təşkil edib. Bu dövrdə sahə üzrə ümumi artım cəmi 0,9%, bitkiçilikdə 1,5%, heyvandarlıqda isə 0,3% olub.

Təhlil göstərib ki, subsidiyalar daha çox əkin sahələrinin genişlənməsini stimullaşdırıb, məhsuldarlığa təsiri isə məhdud qalıb. Məsələn, 2007-2025-ci illərdə taxıl əkin sahəsi 32,2%, istehsal 62,2% artsa da, məhsuldarlıq cəmi 6,3 sentner yüksəlib.

Sənəddə vurğulanıb ki, dövlət dəstəyinə baxmayaraq, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi 56% olaraq qalır. 2024-cü ildə düyü, bitki yağları, buğda, kərə yağı, makaron, ət və süd məhsulları üzrə özünütəminetmə səviyyəsi 85%-dən aşağı olub.

Təhlildə dövlət dəstəyinin səmərəliliyinin artırılması üçün subsidiya mexanizminin nəticəyönümlü formada təkmilləşdirilməsi, iri təsərrüfatlarda əkin subsidiyasından məhsul subsidiyasına keçidin dəstəklənməsi, nəzarət və monitorinq sistemlərinin gücləndirilməsi təklif olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər