ABŞ-nin texnologiya nəhəngi “Microsoft” yaxın üç il ərzində Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 25 milyard Avstraliya dolları (təxminən 18 milyard ABŞ dolları) sərmayə yatırmağı planlaşdırır.
Şirkətin baş direktoru Satya Nadella “The Australian” qəzetinə müsahibəsində bildirib ki, bu investisiya “şirkətin ölkədəki ən böyük sərmayəsi olacaq və superkompüterlərin gücünün artırılmasına, bulud infrastrukturu və məlumat emalı mərkəzlərinin genişləndirilməsinə yönələcək”. Onun sözlərinə görə, “Avstraliyanın süni intellekti real iqtisadi artıma çevirmək və cəmiyyətə fayda vermək üçün böyük potensialı var”.
Nadellanın fikrincə, süni intellekt iş yerlərinin azalması risklərinə baxmayaraq, Avstraliya iqtisadiyyatında məhsuldarlığın durğunluğunu aradan qaldıran əsas amillərdən birinə çevrilə bilər. “Microsoft” 2028-ci ilə qədər ən azı 3 milyon avstraliyalını süni intellekt texnologiyaları üzrə bacarıqlarla təmin etməyi planlaşdırır. İnvestisiyanın bir hissəsi “Australian Signals Directorate” ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizliyin gücləndirilməsinə yönəldiləcək.
Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, Amerika şirkətinin investisiyaları ölkənin kiberməkanının qorunmasını gücləndirməyə və iqtisadiyyat və məşğulluq sahəsində yeni imkanlar yaratmağa kömək edə bilər.






