Serbiya hökuməti neft ixracına qoyulan qadağanı uzadıb

Serbiya hökuməti neft və neft məhsullarının ixracına qoyulan qadağanı iyunun sonunadək uzadıb. Eyni zamanda, bazara ehtiyatlardan 30 min ton dizel yanacağı çıxarılması qərara alınıb və bununla ümumi əlçatan həcm 65 min tona çatacaq. Bu barədə ölkənin dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç məlumat verib.

Nazirin sözlərinə görə, qadağa dizel, benzin və xam neftin bütün nəqliyyat növləri ilə ixracına şamil olunur. Bu addım daxili bazarda təchizatı qorumaq, həmçinin qlobal təchizat problemləri və neft qiymətlərinin artımı fonunda sabitliyi təmin etmək məqsədi daşıyır. Bundan əlavə, aksiz vergiləri 25 faiz bəndi azaldılacaq.

Dubravka Cedoviç-Handanoviç bildirib ki, görülən tədbirlər büdcə gəlirlərini azaldır və xərcləri artırır. Bununla belə, hökumət yanacaq qiymətlərində kəskin artımın qarşısını almaq üçün operativ reaksiya verib və artıq iki aydır ki, vətəndaşları və iqtisadiyyatı qorumağa nail olur.

Qeyd edək ki, Serbiya hökuməti martın 9-da neft və neft məhsullarının ixracına 10 günlük qadağa tətbiq etmişdi. Nazirə görə, bu tədbirlər qlobal bazarlardakı proseslərin yaratdığı qıtlıq və qiymət dalğalanmalarının daxili bazara təsirini azaltmaq üçün zəruri idi.

Son xəbərlər
Digər xəbərlər