Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının şimaldan cənuba doğru davam etdirilməsi barədə razılaşma mövcuddur.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
“Bizdə artıq dərc olunmuş razılaşma var ki, delimitasiya şimaldan cənuba aparılacaq. Aydındır ki, delimitasiya olunmuş ərazilərdə sərhəd rəsmiləşdirilməli və bu proses şəffaf şəkildə həyata keçirilməlidir”, – o deyib.
Paşinyan qeyd edib ki, tərəflər arasında delimitasiya prosesinin hüquqi əsası artıq formalaşıb.
O vurğulayıb ki, 1991-ci il Alma-Ata Bəyannaməsi iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsində əsas prinsip kimi qəbul edilib. Bundan əlavə, 2024-cü ilin avqustunda imzalanan və oktyabrda ratifikasiya olunan birgə komissiyaların fəaliyyəti ilə bağlı qaydalar bu prosesi hüquqi cəhətdən tənzimləyir: “Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı mövcud sərhədin iki ölkə arasında dövlət sərhədi kimi yenidən rəsmiləşdirilməsinə razılaşıblar”.







