Azərbaycanda gəmi şirkətlərinin yükdaşımadan gəlirləri 259 mln. manatı keçib

Ötən il dəniz nəqliyyatı ilə 9.09 mln. ton yük daşınıb ki, bu da 2024-cü illə müqayisədə 5.4% çoxdur. Xarici əlaqələr üzrə yükdaşımaların həcmi 8.82 mln. tona çataraq 3% artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixrac yüklərinin daşınması 313.4 min ton olub ki, bu da illik müqayisədə 2.3 dəfə artım deməkdir. İdxal yükləri 140.5 min tona yüksələrək 22.4% artıb. Xarici limanlararası daşımalar 1.60 mln. tona çataraq 2.1 dəfə, kabotaj daşımaları isə 266.2 min tona yüksələrək 4.6 dəfə artıb. Bununla yanaşı, tranzit yüklərin həcmi 6.77 mln. tona enərək 10.3% azalıb.

Daşınan yüklərin 4.31 mln. tonunu neft və neft məhsulları təşkil edib ki, bu seqmentdə artım 2.3% olub. Digər yüklərin həcmi isə 4.78 mln. tona çataraq 8.4% artıb.

Dəniz nəqliyyatında yük dövriyyəsi kəskin artaraq 15 729.4 mln. ton-km təşkil edib. Bu göstərici illik müqayisədə 2.3 dəfə yüksəlib. Xarici limanlararası yük dövriyyəsi 3.4 dəfə artaraq 12 601.6 mln. ton-km olub.

Yükdaşımalarından əldə olunan gəlirlər də yüksəlib. Belə ki, 2025-ci ildə dəniz nəqliyyatı ilə yükdaşımalarından 259.23 mln. manat gəlir əldə olunub ki, bu da əvvəlki illə müqayisədə 8.4% çoxdur. Xarici əlaqələr üzrə gəlirlər 249.64 mln. manat təşkil edib və 4.8% artıb. Kabotaj daşımalarından gəlirlər isə 9.59 mln. manata yüksələrək 12.7 dəfə artıb.

Bununla yanaşı, sərnişindaşıma göstəricilərində azalma qeydə alınıb. Ötən il dəniz nəqliyyatı ilə 25.5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 10.2% azdır. Sərnişin dövriyyəsi 11.4 mln. sərnişin-km təşkil edib və 12.3% geriləyib. Sərnişindaşımalardan əldə olunan gəlirlər isə 265 min manata düşərək 75.6% azalıb.

Dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi isə 12.96 mln. ton olub ki, bu da illik müqayisədə 7.8% azalma deməkdir. Tranzit yüklər üzrə yükləmə-boşaltma əməliyyatları 10.25 mln. tona enərək 9.4% azalıb.

Limanlarda işlənmiş gəmilərin sayı isə artaraq 6 017-yə çatıb ki, bu da əvvəlki illə müqayisədə 24.6% çoxdur.

Son xəbərlər
Digər xəbərlər