“Google” korporasiyası Android cihazları üçün “Gemini Intelligence” adlı süni intellekt funksiyalarını təqdim edib. Bu funksiyalar ilk olaraq 2026-cı ilin yayında “Samsung Galaxy” və “Google Pixel” smartfonlarında istifadəyə veriləcək, daha sonra isə digər cihazlar üçün əlçatan olacaq.
“TechCrunch” qeyd edir ki, “Google” 2026-cı ilin əvvəlində “Samsung” smartfonlarında “Gemini”nin bəzi funksiyalarını artıq nümayiş etdirmişdi. Məsələn, yemək və ya taksi sifarişi vermək imkanı göstərilmişdi.
“Yaxın zamanda” köməkçi daha mürəkkəb sorğuları da yerinə yetirə biləcək. Məsələn, istifadəçi turizm broşürünün şəklini çəkərək bottan “Expedia” platformasındakı oxşar turu tapmasını xahiş edə biləcək. “Gemini” həmin turu arxa planda tapacaq, daha sonra isə sifarişi sadəcə təsdiqləmək kifayət edəcək.
2026-cı ilin iyun ayının sonundan etibarən Android cihazlarında “Google Chrome” brauzerindəki “Gemini” istifadəçilərə müxtəlif səhifələrdəki məzmunu tapmağa, ümumiləşdirməyə və müqayisə etməyə kömək edəcək. Bu funksiya artıq desktop versiyada mövcud olan “Gemini” imkanlarına bənzəyəcək.
“Gboard” klaviaturasındakı “Rambler” funksiyası istifadəçiyə mətni diktə etməyə imkan verəcək, daha sonra isə vacib hissələri seçərək onları parazit sözlər və təkrarlar olmadan əlaqəli mesaja çevirəcək. Funksiya bir mesaj daxilində dillər arasında keçidi dəstəkləyir və transkripsiyadan sonra audio faylları saxlamır.
“Create My Widget” funksiyası isə promtlar əsasında fərdiləşdirilmiş vidcetlər yaratmağa imkan verəcək. Məsələn, velosiped sürən istifadəçi küləyin sürəti və yağış məlumatlarını göstərən hava vidceti yarada biləcək.







