“Bloomberg” agentliyinin məlumatına görə, bu il məhsulun zəif olacağı ilə bağlı narahatlıqlar fonunda dünya bazarında düyü qiymətləri artmaqda davam edir.
Etalon hesab edilən Tailand ağ düyüsünün qiyməti çərşənbə günü Tailand Düyü İxracatçıları Assosiasiyasının məlumatına əsasən bir ton üçün 446 dollara yüksəlib. Bu, 2025-ci ilin fevralından bəri ən yüksək göstəricidir.
Qiymətlər artıq ardıcıl üçüncü həftədir artır. Buna səbəb ABŞ Kənd Təsərrüfatı Nazirliyinin 2026–2027-ci kənd təsərrüfatı ilində dünyada düyü istehsalının son 11 ildə ilk dəfə azalacağı ilə bağlı proqnozudur.
Gübrə və yanacaq qiymətlərinin kəskin bahalaşması Cənub-Şərqi Asiyada bəzi fermerlərin bu il əkin işlərindən imtina edə biləcəyi ilə bağlı narahatlıq yaradıb. Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan da orta göstəricidən az musson yağışları ilə üzləşə bilər ki, bu da məhsuldarlığa mənfi təsir göstərə bilər.
Düyü Asiyanın bir çox ölkəsində əsas ərzaq məhsulu hesab olunur. Buna görə də onun bahalaşması inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Agentlik qeyd edir ki, son illərdə düyü qiymətləri 2024-cü ildə qeydə alınmış uzunmüddətli pik səviyyələrdən xeyli aşağı idi.






