“Tether” Gürcüstanda hökumətin dəstəyi ilə ilk steyblkoinini istifadəyə verir

Dünyanın ən böyük steyblkoin emitenti olan “Tether” Gürcüstan hökumətinin dəstəyi ilə gürcü larisini təmsil edən kriptovalyuta tokenini istifadəyə verməyi planlaşdırır. Şirkət bu barədə mayın 25-də məlumat yayıb. Bu addım ölkənin kriptovalyutalara yönəlik siyasətinin davamı kimi qiymətləndirilir.

“Tether”in yeni tokeni özəldir, çünki o, özəl şirkətlə hökumət arasında tərəfdaşlıq çərçivəsində yaradılır. Bununla belə, şirkət tərəfdaşlığın detalları barədə məlumat verməyib və “rəsmi” steyblkoin adlandırdığı tokenin mərkəzi bankın rəqəmsal valyutası olub-olmadığını açıqlamayıb.

Şirkətin bəyanatında Gürcüstanın Baş naziri İrakli Kobakhidze, Mərkəzi Bankın rəhbəri Natia Turnava və parlament üzvü Vaxtanq Turnava “Tether”i və ümumilikdə maliyyə innovasiyalarını dəstəklədiklərini bildiriblər, lakin token barədə birbaşa danışmayıblar.

“Tether” bildirib ki, GELT adlandırılacaq token “gürcü larisinin rəqəmsal təcəssümü” olacaq. Onun strukturu, istifadəyə verilməsi və tətbiqi ilə bağlı detallar daha sonra açıqlanacaq. Şirkətin sözlərinə görə, token sərhədlərarası ticarəti, maliyyə texnologiyalarının inkişafını və rəqəmsal ödənişləri dəstəkləmək üçün nəzərdə tutulub.

Əhalisi 3,7 milyon nəfər olan Gürcüstan dünyada aparıcı kriptovalyuta mədənçiliyi ölkələrindən biri hesab olunur. “Tether” bildirib ki, layihənin başlanması Gürcüstan Milli Bankının steyblkoinlərlə bağlı qaydaları nəticəsində mümkün olub və bu da ölkəni rəqəmsal aktiv biznesi üçün cəlbedici edir.

Steyblkoinlər fiat valyutalara bağlı olan kriptovalyuta növüdür. Onlardan əsasən kriptoticarətdə istifadə edilir və ödəniş vasitəsi kimi geniş yayılmayıb.

Salvadorda yerləşən “Tether” bildirir ki, hazırda dövriyyədə dollarla əlaqələndirilmiş tokenlərin ümumi həcmi təxminən 190 milyard dollardır. Meksika pesosuna bağlı tokenlərin dövriyyəsi isə 20 milyon dollardan azdır. Şirkət aşağı tələbat səbəbindən ofşor Çin yuanına bağlı tokenin emissiyasını dayandırdığını da açıqlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər