Hörmüz boğazı açıldıqdan sonra neft tankerlərinin icarə qiymətləri kəskin düşə bilər

Dünyanın ən böyük neft tankeri sahibləri bazarda ciddi eniş riski barədə xəbərdarlıq edirlər. Hörmüz boğazının bağlanması sektora rekord rüblük mənfəət qazandırsa da, indi sənaye fraxt qiymətlərinin kəskin düşməsinə hazırlaşır. Bu, ABŞ və İranın dünya neft tədarükünün beşdə birinin daşındığı strateji dəniz marşrutu üzrə gəmiçiliyin bərpası barədə razılığa gələcəyi təqdirdə baş verə bilər.

Müharibənin başlanmasından sonra İranın boğaza nəzarəti daşıyıcı şirkətlər üçün böyük gəlir mənbəyinə çevrilib. Dünyanın ən iri gəmi brokerlərindən biri olan Clarksons-un məlumatına görə, sektorun mənfəəti birinci rübdə 36 milyard dollara yüksəlib. Əvvəlki rekord 2022-ci ildə qeydə alınmış 26 milyard dollar idi.

Həddindən artıq sifariş tələsi

Dərin böhran riski həm də gəmi sahiblərinin əldə etdikləri gəlirlərin böyük hissəsini yeni gəmilərin sifarişinə yönəltməsi ilə artır. Bu, onilliklərdir gəmiçilik biznesinin xarakterik xüsusiyyəti olan növbəti “bum və çöküş” dövrü ilə bağlı narahatlıqları gücləndirir.

AXSMarine-nin məlumatına görə, bu il sifariş edilən ən iri neft tankerlərinin sayı müşahidələr tarixində istənilən tam ilin göstəricisini artıq üstələyib.

Münaqişənin ilk həftələrində qeydə alınan zirvə səviyyələrlə müqayisədə gündəlik fraxt tarifləri artıq azalmağa başlayıb. Həmin dövrdə tankerlərin orta gündəlik icarə haqqı 162 992 dollara çatmış, təxminən 2 milyon barel tutumu olan supertankerlər üçün isə bu göstərici sutkada 386 685 dollara yüksəlmişdi.

Boğazın faktiki bağlanması nəticəsində 160-dan çox tanker körfəzdə bloklanmış vəziyyətdə qalıb. Bu isə əlçatan donanmanın çatışmazlığına səbəb olaraq daşınma qiymətlərini dünya üzrə artırıb. Əlavə amil kimi gəmilərin Qırmızı dənizdə husi hücumlarından yayınmaq üçün Ümid burnu marşrutuna yönləndirilməsi göstərilir.

Hazırda boğazdan hərəkət hələ də tam bərpa olunmasa da, blokadanın aradan qaldırılacağı ilə bağlı gözləntilər fonunda iri gəmilər üçün orta gündəlik tariflər 55-95 min dollar aralığınadək enib. Bu göstərici son illərin adi 30-40 min dollarlıq səviyyəsindən yüksək olsa da, dinamika investorları narahat edir.

Yunanıstan lider mövqeyini qoruyur

Neft tankerləri sənayesinə ənənəvi olaraq yunan gəmi sahibləri nəzarət edir. Veson Nautical-nin məlumatına görə, onların fəaliyyət göstərən donanmasının dəyəri 66,4 milyard dollar təşkil edir ki, bu da Çin donanmasının dəyərindən 26 milyard dollar çoxdur.

Sektor dövri yüksəliş və enişlərə öyrəşsə də, pandemiyadan başlayaraq ticarət müharibələrinədək uzanan qlobal şoklar fraxt bazarında volatilliyi daha da artırıb.

Bununla belə, bəzi rəhbərlər risklərin şişirdildiyini düşünür. Bir sıra ekspertlər isə hesab edirlər ki, müharibə logistika marşrutlarında uzunmüddətli dəyişikliklər yaradacaq. Angeliki Frangou bildirib ki, yeni sifarişlərin çoxluğu həqiqətən də tariflərə təzyiq göstərəcək, lakin bu təsir milli təhlükəsizlik amilləri ilə qismən kompensasiya olunacaq. Onun sözlərinə görə, ölkələr hərbi risklərdən uzaq, daha uzun, lakin etibarlı marşrutlardan istifadə etmək üçün əlavə xərc çəkməyə hazır olacaqlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər