Ceff Bezosun süni intellekt startapı “Prometheus” $41 mlrd. dəyərləndirmə ilə $12 mlrd. cəlb edib

Ceff Bezosun təsis etdiyi süni intellekt startapı “Prometheus” 41 milyard dollar dəyərləndirmə ilə 12 milyard dollar investisiya cəlb edib. Bu barədə şirkətə istinadən “Bloomberg” məlumat yayıb.

İnvestorlar arasında “JPMorgan Chase & Co.”, “Goldman Sachs”, “BlackRock” və Bezosun özü yer alıb. “Axios”un məlumatına görə, bu, startapın “B” investisiya raundudur. Daha əvvəl, 2025-ci ilin noyabrında “The New York Times” layihənin 6,2 milyard dollar investisiya aldığını yazmışdı.

“The Wall Street Journal”ın məlumatına əsasən, Bezos “Prometheus”u 2024-cü ilin sonunda alim Vic Bhadjaj ilə birlikdə yaradıb. NYT-nin yazdığına görə, Bhadjaj əvvəllər Sergey Brin ilə “Google X” tədqiqat laboratoriyasında sıx əməkdaşlıq edib. Hazırda Bezos və Bhadjaj startapın həmsədr və baş icraçı direktorlarıdır.

“Prometheus” müxtəlif sahələrdə, o cümlədən aerokosmik sənayedə məhsulların layihələndirilməsi və istehsalını sürətləndirməyə kömək edəcək süni intellekt modelləri və alətləri hazırlayır.

“Əgər siz reaktiv mühərrik istehsalçısından dartma gücü 10% artırılmış yeni mühərrik hazırlamağı istəsəniz, bu proses on il çəkə bilər. Bu, əməkdaşların zəif işləməsi ilə deyil, məsələnin mürəkkəbliyi ilə bağlıdır. Biz bu müddəti dəfələrlə azaltmağa imkan verəcək alətlər yaradırıq”, – deyə Bezos “Axios”a müsahibəsində bildirib.

Şirkət təsisçiləri “Prometheus”un necə öyrədildiyi, məhsulun nə vaxt istifadəyə veriləcəyi və texniki detalları açıqlamayıblar. Onlar həmçinin startapın istehsal müəssisələrinin alınması ilə məşğul olacaq xüsusi fond üçün 100 milyard dollar cəlb etmək barədə danışıqlar apardığına dair məlumatları şərh etməkdən imtina ediblər.

WSJ-nin məlumatına görə, startapın San-Fransisko, London və Sürixdə yerləşən ofislərində təxminən 150 əməkdaş çalışır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər