Xarici vətəndaşların bank kartları ilə əməliyyatları 603 mln. manata yüksəlib

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda xarici vətəndaşların bank kartları ilə apardıqları bank kartı əməliyyatlarının həcmi 603.21 mln. manat təşkil edib.

Banker.az-ın hesablamasına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 72.11 mln. manat və ya 13.6% artıb. Belə ki, 2025-ci ilin ilk beş ayında xarici vətəndaşların bank kartları ilə əməliyyatlarının həcmi 531.1 mln. manat olmuşdu.

Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi açıqlamaya görə, yanvarda əməliyyatların həcmi illik müqayisədə 113.9% artaraq 133.9 mln. manata, fevralda 13% artaraq 113.5 mln. manata, martda isə 20.6% artaraq 104.30 mln. manata yüksəlib. Apreldə əməliyyatların həcmi 19.9% azalaraq 112.6 mln. manata, mayda isə 1.6% geriləyərək 138.91 mln. manata düşüb.

Xarici vətəndaşların bank kartları ilə əməliyyatlarının həcmi ilk beş ayda 2022-ci ildə 870.4 mln. manat, 2023-cü ildə 851.7 mln. manat, 2024-cü ildə 509.9 mln. manat, 2025-ci ildə 531.1 mln. manat, 2026-cı ildə isə 603.21 mln. manat olub.

Bununla yanaşı, 2026-cı ilin yanvar-may aylarında Azərbaycana 871.7 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% azdır. Azalma əsasən Körfəz ölkələrindən gələnlərin sayının 31.6% geriləməsi hesabına baş verib. Bununla yanaşı, MDB ölkələrindən gələnlərin sayı 3%, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı isə 13.3% artıb. Xarici vətəndaşların sayının azalmasına baxmayaraq, onların Azərbaycanda bank kartları ilə apardıqları əməliyyatların həcmi 13.6% yüksəlib.

4654365346

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər