Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda illik inflyasiyanın cari ildə 5,8 %, 2027-ci ildə isə 5,6 % səviyyəsində olacağını proqnozlaşdırır.
Əvvəl dərc olunmuş proqnozla müqayisədə cari il üzrə inflyasiya gözləntiləri 0,3 faiz bəndi (f.b.), 2027-ci il üzrə proqnoz isə 0,1 f.b. artırılıb.
Bundan əlavə, bank qrupu ilk dəfə olaraq 2028-ci il üzrə proqnozunu da açıqlayıb. ING-nin hesablamalarına görə, 2028-ci ildə inflyasiya səviyyəsi 5,3 %-ə çatacaq.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 5,6 % təşkil edib. Bu göstərici 2024-cü ildə 2,2 % olub. 2026-cı ilin yanvar-may aylarında isə ölkədə orta illik inflyasiya 5,6 % təşkil edib.
Bankın analitikləri orta illik inflyasiyanın bu ilin ikinci rübündə 5,7 % (əvvəlki proqnoz 5,5 % idi), üçüncü rübdə 5,8 % (əvvəlki proqnoz – 5,4 %) və dördüncü rübdə 5,6 % (əvvəlki proqnoz – 5,6 %) olacağını gözləyirlər.
Azərbaycanın İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına görə (may ayında açıqlanmış), cari ildə illik inflyasiya təxminən 5,9 % təşkil edəcək.
BMT isə bu il Azərbaycanda inflyasiyanı 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 %, Asiya İnkişaf Bankı isə 3,5 % səviyyəsində olacağını gözləyir.
“Moody’s” beynəlxalq reytinq agentliyi, cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, “Fitch Ratings” 4,6 %, “Fitch Solutions” isə 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində proqnozlaşdırır.






