Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 2025-ci ili 26.85 mln. manat xalis mənfəətlə başa vurub.
Banker.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 15.49% çoxdur. Mənfəətin artımı əsasən xalis faiz gəlirlərinin 13.94% artaraq 41.96 mln. manata, əməliyyat gəlirlərinin isə 12.78% yüksələrək 40.87 mln. manata çatması ilə bağlı olub. Eyni zamanda, ehtimal olunan kredit zərəri üzrə xərclər 18.37%, insan resursları üzrə xərclər 3.06%, inzibati və digər xərclər isə 12.96% artıb.
Fondun əməliyyat gəlirləri 40.87 mln. manat, əməliyyat xərcləri isə 13.42 mln. manat təşkil edib. Gəlirlər illik müqayisədə 12.78%, xərclər isə 6.77% artıb. Xalis faiz gəlirləri 41.96 mln. manata yüksəlsə də, haqq və komissiya gəlirləri 15.32%, digər gəlirlər isə 17.47% artıb.
2025-ci ilın sonuna Fondun cəmi aktivləri 4 mlrd. manata çatıb ki, bu da illik müqayisədə 19.23% artım deməkdir. Aktivlərin 63.64%-ni təşkil edən ipoteka kredit portfeli 2 546.01 mln. manata yüksələrək 16.81% artıb. Amortizasiya olunmuş dəyərdə borc alətləri 79.35 mln. manat olub ki, bu da 12.22% azalma deməkdir. Satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu isə 31.21 mln. manata enərək 4.91% azalıb.
İKZF cəmi öhdəlikləri 2 mlrd. 661.15 mln. manat olub və illik müqayisədə 25.17% artıb. Buraxılmış qiymətli kağızlar 2 585.41 mln. manata yüksələrək 25.05% artıb. Cəmi kapital 1 mlrd. 339.64 mln. manat təşkil edib ki, bu da 10.32% çoxdur. Nizamnamə kapitalı 1 153.40 mln. manata çataraq 7.96%, kapital ehtiyatları 17.18%, bölüşdürülməmiş mənfəət isə 15.49% artıb. Hesabat dövründə dividend ayrılması barədə məlumat açıqlanmayıb. Fondun işçi sayı il ərzində 184 nəfərdən 189 nəfərə yüksələrək 2.72% artıb.
Hesabatda qeyd olunur ki, 2025-ci il dövlət büdcəsi çərçivəsində Fonda güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 mln. manat, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlər üzrə faiz subsidiyaları üçün isə 15 mln. manat olmaqla ümumilikdə 100 mln. manat vəsait ayrılıb. Bundan əlavə, Fond nominal dəyəri hər biri 1 000 manat olan, illik 3.00–3.25% gəlirliliklə 150 min ədəd istiqraz buraxaraq Bakı Fond Birjasında yerləşdirib.
“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” Azərbaycan Prezidentinin 2005-ci il 16 sentyabr tarixli Fərmanı ilə yaradılıb. Fondun nizamnamə kapitalı 1 mlrd. 153.4 mln. manatdır. Fondun təsisçisi və yeganə səhmdarı Azərbaycan dövlətidir.
Maraqlıdır ki, Azərbaycanda ipoteka portfeli son beş ildə 2.2 dəfə artaraq 4.71 mlrd. manata çatsa da, artım tempi əhəmiyyətli dərəcədə zəifləyib. May ayı üzrə illik artım 2022-ci ildə 21%, 2023-cü ildə 25%, 2024-cü ildə 19%, 2025-ci ildə 13% olduğu halda, 2026-cı ildə 7%-ə enib. Eyni zamanda, bu ilin ilk beş ayında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditlərinin həcmi 33.2% azalaraq 100.4 mln. manata düşüb. İlk rübün nəticələrinə görə isə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 76.1%, kredit alanların sayı isə 71.8% azalıb. Bununla yanaşı, Fondun ipoteka portfeli üzrə orta faiz dərəcəsi son dörd ilin ən yüksək səviyyəsinə – 6.38%-ə yüksəlib. Azalmanı hələ İKZF-in ilk rüb üçün təqdim etdiyi rəqəmlər də ilkin olaraq təsdiqləyirdi. 2026-cı ilin ilk rübündə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 76.1% azalaraq 124.9 mln. manatdan 29.9 mln. manata düşüb. Kreditlərin sayı da 1 251-dən 353-ə enərək 71.8% azalıb.







