Birja məlumatlarına görə, Samsung Electronics-in səhmləri şirkətin rüblük mənfəətinin 19 dəfə artdığını açıqlamasından sonra 10,1% ucuzlaşıb. CNBC-nin yazdığına görə, investorların xərclər və tələblə bağlı narahatlıqları rekord maliyyə nəticələrini kölgədə qoyub. İyulun 7-də Seul birjasında ticarətin sonunda eniş 6,9%-ə qədər zəifləyib və Samsung-un bir səhmi 296 min vona (195 dollar) satılıb.
Samsung 2026-cı ilin ikinci rübü üzrə ilkin maliyyə nəticələrini açıqlayıb. Şirkətin əməliyyat mənfəəti ötən ilin eyni dövründəki 4,98 trilyon vondan 89,4 trilyon vona yüksəlib. Bloomberg qeyd edir ki, təsirli artıma baxmayaraq, bu göstərici analitiklərin proqnozunu cəmi 6% üstələyib. Şirkətin rüblük gəliri isə 171 trilyon von təşkil edib.
Bloomberg-in məlumatına görə, Samsung-un səhmlərindəki eniş digər texnologiya şirkətlərinin qiymətli kağızlarına da təsir edib. Seulda SK Hynix-in səhmləri 6,1% ucuzlaşıb. Yaponiyanın Kioxia Holdings və Tokyo Electron şirkətlərinin səhmləri müvafiq olaraq 11,3% və 4%, Avropada isə ASML-in səhmləri 5,6% dəyər itirib.
EToro analitiki Zavyer Vonqun sözlərinə görə, Samsung-un rekord nəticələri bazar gözləntilərini təsdiqləsə də, onları əhəmiyyətli dərəcədə üstələmədiyi üçün investorlar yeni alışlara maraq göstərməyiblər. O bildirib ki, belə hallarda investorlar adətən mənfəətlərini reallaşdırırlar. Bloomberg qeyd edir ki, Samsung-un səhmləri 2026-cı ilin əvvəlindən süni intellekt bumunun təsiri ilə təxminən 150% bahalaşıb.
Vantage Global Prime-ın baş analitiki Hebi Çenin sözlərinə görə, investorlar hazırda texnologiya sektorundan kənarda daha şəffaf qiymətləndirilən və daha az yüklənmiş mövqelərə malik şirkətlərin səhmlərinə üstünlük verirlər. Bununla belə, o hesab edir ki, yarımkeçirici sektorundakı yüksəliş hələ başa çatmayıb. Əgər yaddaş çiplərinin qiymətləri artmağa davam etsə və ya istehsalçıların növbəti hesabatları bazarı müsbət təəccübləndirsə, investorlar süni intellekt mövzusunun aktuallığını qoruduğu üçün vəsaitlərini yenidən sektor liderlərinə yönəldə bilərlər.







