Braziliya millisinin tarixinin ən yaxşı bombardiri Neymar 2026-cı ildə peşəkar futbolçu karyerasını başa vura bilər. Bu barədə Braziliyanın “UOL”media şirkəti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Braziliya millisinin dünya çempionatının 1/8 finalında mübarizəni dayandırmasından sonra Neymar ABŞ-də ailəsi ilə vaxt keçirir və bundan sonra gələcək karyerası ilə bağlı yekun qərar verəcək.
Onun hazırda çıxış etdiyi “Santos” klubunun məşqçilər korpusundakı mənbələr hücumçunun müqaviləsini vaxtından əvvəl ləğv edərək yüksək səviyyəli futbolu tərk edə biləcəyini istisna etmirlər. Neymarın “Santos”la müqaviləsi 31 dekabr 2026-cı ilədək qüvvədədir.
34 yaşlı futbolçu 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan “Santos”a qayıdıb. Ondan əvvəl o, Fransanın “PSJ” klubunda çıxış edib. Paris təmsilçisi 2017-ci ildə Neymarı İspaniyanın “Barselona” klubundan dünya futbolu üçün rekord sayılan 222 milyon avroya transfer etmişdi.
“PSJ” ilə birlikdə Neymar beş dəfə Fransa çempionu olub, dörd dəfə Fransa Superkubokunu, üç dəfə Fransa Kubokunu, iki dəfə isə Liqa Kubokunu qazanıb.






