ABŞ-nin “Meta” şirkəti Kanadanın neft-qaz sənayesi ilə tanınan Alberta əyalətində iri data mərkəzi tikəcək. Şirkətin açıqlamasına görə, bu, “Meta”nın 33-cü, Kanadada isə ilk data mərkəzi olacaq. Mərkəzin enerji istehlakı ilkin mərhələdə 1 QVt təşkil edəcək və gələcəkdə 1,8 QVt-a qədər artırıla bilər. Layihəyə ümumilikdə 13 milyard Kanada dolları (təxminən 9,17 milyard ABŞ dolları) sərmayə yatırılacaq.
Tikintinin ən intensiv mərhələsində layihədə təxminən 3 min nəfər çalışacaq. Data mərkəzinin fəaliyyətə başlamasından sonra isə 300-dən çox daimi iş yeri yaradılacaq.
“Meta” yeni data mərkəzi üçün elektrik istehsalı və enerji şəbəkəsi infrastrukturunun tikintisini tam maliyyələşdirəcək. Şirkət həmçinin ənənəsinə uyğun olaraq enerji istehlakını 100% “təmiz” və bərpa olunan enerji layihələrinə yatırımlar hesabına kompensasiya edəcək.
Kanadanın “Pembina Pipeline” şirkəti 2030-cu ilin sonundan etibarən data mərkəzini elektrik enerjisi ilə təmin edəcək “Greenlight Electricity Centre” qaz elektrik stansiyasını inşa edəcək. Həmin vaxta qədər və sonrakı on il ərzində “Capital Power” şirkəti mərkəzə 250 MVt elektrik enerjisi ayıracaq. “Pembina”nın məlumatına görə, “Greenlight Electricity Centre” sutkada təxminən 150 milyon kub fut təbii qaz istehlak edəcək.
“Reuters”in məlumatına görə, “Meta”nın data mərkəzlərinin inkişafı üzrə vitse-prezidenti Qeri Demasinin sözlərinə əsasən, yeni mərkəzdə qapalı dövriyyəli maye soyutma sistemi tətbiq olunacaq. Bu texnologiya sayəsində standart qolf meydançasının saxlanılması üçün tələb olunandan daha az su istifadə ediləcək. Alberta əyalətinin soyuq iqlimi də soyutma xərclərinin azalmasına kömək edəcək.







