Cənubi Koreyanın çip istehsalçısı SK Hynix Nasdaq birjasında listinqdən sonra 26,5 milyard dollar vəsait cəlb edib. Bu yerləşdirmə SpaceX-in IPO-sundan sonra 2026-cı ilin ən böyük birja əməliyyatlarından biri hesab olunur.
BBC-nin məlumatına görə, şirkət hər biri 149 dollar qiymətinə 17,79 milyon depozitar qəbz (ADR) yerləşdirib. Bu qiymətli kağızlar 10 iyul 2026-cı il tarixindən etibarən Nasdaq-da ticarət olunacaq.
Şirkətin bildirdiyinə görə, hər bir depozitar qəbz Koreya Fond Birjasında ticarət olunan 10 adi səhmə uyğundur.
Bloomberg daha əvvəl yazmışdı ki, yerləşdirməyə tələbat təklifdən yeddi dəfə çox olub. Depozitar qəbzlərə institusional investorlar, suveren sərvət fondları və beynəlxalq investorlar böyük maraq göstəriblər.
2026-cı ilin birinci rübündə SK Hynix-in gəliri illik müqayisədə təxminən üç dəfə artaraq 34 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən beş dəfə artaraq 26 milyard dollar təşkil edib.
2026-cı ilin may ayının sonunda SK Hynix-in bazar kapitallaşması 1 trilyon dolları ötüb. İyun ayında isə şirkət Samsung-u geridə qoyaraq Cənubi Koreyanın ən dəyərli açıq səhmdar cəmiyyətinə çevrilib.







