Cənubi Koreyanın yaddaş çipləri istehsalçısı SK Hynix-in səhmləri iyulun 13-də Seul birjasında keçirilən hərraclarda 15,5% ucuzlaşaraq 1,843 milyon vona (təxminən 1 226 dollar) enib. Bu, may ayından bəri ən aşağı göstəricidir. Bloomberg yazır ki, investorlar mənfəəti reallaşdıraraq şirkətin ABŞ-da listinq olunan Amerika depozitar qəbzlərinə (ADR) üstünlük verməyə başlayıblar.
SK Hynix səhmlərinin ucuzlaşması Cənubi Koreyanın əsas fond indeksi KOSPI-nin də enməsinə səbəb olub. İndeks ticarət gününün sonunda 6 805,88 bənd səviyyəsində qərarlaşıb və iyun ayındakı zirvə göstəricisindən 20%-dən çox geriləyərək “ayı bazarı” mərhələsinə keçib. Bununla da Koreya bazarı gəlirlilik üzrə dünya liderliyini Nigeriya fond bazarına uduzub.
İyulun 10-dan etibarən SK Hynix-in ADR-ləri ABŞ-ın Nasdaq birjasında ticarət olunur. Hər bir depozitar qəbz adi səhmin 0,1 hissəsinə uyğundur. İlk ticarət günündə ADR-lərin qiyməti 12,8% artaraq 168,01 dollara çatıb. Bloomberg qeyd edir ki, şirkət bu yerləşdirmə nəticəsində 26,5 milyard dollar cəlb edib ki, bu da ABŞ bazarında xarici şirkət üçün tarixdə ən iri yerləşdirmə hesab olunur.
Petra Capital Management hedc fondunun idarəedici tərəfdaşı Çan Li bildirib ki, yerləşdirmə çox uğurlu olsa da, bu uğurun böyük hissəsi artıq qiymətlərdə nəzərə alınmışdı. Onun sözlərinə görə, Seuldakı satışlar “xəbərdən sonra sat” strategiyası və mənfəət realizasiyası ilə bağlıdır.
Bloomberg vurğulayır ki, qlobal investorların SK Hynix-ə marağı şirkətin Nvidia-nın süni intellekt prosessorlarında istifadə olunan yüksək ötürmə qabiliyyətli yaddaş (HBM) çiplərinin əsas təchizatçılarından biri olması ilə bağlıdır. 2022-ci ilin sonundan bəri şirkətin səhmləri süni intellekt bumunun yaratdığı yüksək tələbat və yaddaş çiplərinin bahalaşması fonunda 25 dəfədən çox bahalaşıb.
Şirkətin baş direktoru Kvak No Yun hesab edir ki, yaddaş çipləri bazarında çatışmazlıq 2030-cu ildən sonra da davam edəcək. Bununla belə, investorlar istehsalçıların istehsal güclərini sürətlə artırmasının gələcəkdə tələbat zəiflədikdən sonra mənfəətliliyə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
MRM Research analitiki Niko Rosti isə hesab edir ki, SK Hynix səhmləri hazırda “həddindən artıq satılmış kimi görünür”. O, qiymətlərin yenidən enə biləcəyini istisna etməsə də, bunu alış üçün əlverişli imkan kimi qiymətləndirir.







