Azərbaycanın bu il xaricdən premium benzin alışını 35% üzərində artırıb

2026-cı ilin yanvar-may aylarında Azərbaycan 80,7 min ton mühərrik benzini idxal edib ki, bunun dəyəri 72,3 milyon ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 9% azalaraq 139,7 min tondan 80,7 min tona düşsə də, dəyəri 5,9% artaraq 68,1 milyon dollardan 72,3 milyon dollara yüksəlib.

Hesablamalara görə, 2026-cı ilin ilk beş ayında idxal edilən benzinin orta qiyməti hər ton üzrə təxminən 896 ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövründəki 487 ABŞ dolları ilə müqayisədə 84% yüksəkdir.

Ən kəskin dəyişiklik Aİ-92 benzinin idxalında qeydə alınıb. Bu kateqoriya üzrə idxal bir il əvvəlki 83 min tondan cəmi 3,4 min tona enərək 95,9% azalıb. Dəyər isə 64,4 milyon dollardan 2,6 milyon dollara düşüb. Bu il həmin məhsul yalnız Rusiyadan idxal olunub, halbuki ötən il əsas tədarükçülər Rusiya, Belarus və Rumıniya idi.

Bunun əksinə olaraq, Aİ-95 premium benzinin idxalı artıb. Hesabat dövründə bu markadan 75,7 min ton idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çoxdur. İdxalın dəyəri isə 47,1 milyon dollardan 67,9 milyon dollara yüksələrək 43,9% artıb. Bu məhsul üzrə orta idxal qiyməti bir il əvvəlki 844 dollardan 897 dollara yüksəlib. Yəni bu il (1 ton=1 333 litr) təqribən Aİ-95-in hər litr üçün orta qiyməti 1.14 manat ətrafındadır.

Super premium və ya Aİ-98 və daha yüksək oktanlı benzinin idxalı da artım nümayiş etdirib. Bu kateqoriya üzrə idxal 19,3% artaraq 876,9 tondan 1 045,9 tona çatıb, dəyəri isə 22,6% artaraq 1,08 milyon dollardan 1,32 milyon dollara yüksəlib. Orta qiymət isə 1 226 dollardan 1 260 dollar səviyyəsinə yüksəlib.

Ölkələr üzrə baxdıqda, Aİ-95 markalı benzinin əsas tədarükçüsü Rusiya olaraq qalsa da, onun payı azalıb. Rusiya bu il 27,8 min ton benzin ixrac edib, ötən il bu göstərici 37,5 min ton idi. Əvəzində Belarus tədarükünü 7 min tondan 21,5 min tona çatdıraraq üç dəfədən çox artırıb. Eyni zamanda Azərbaycan 2026-cı ildə ilk dəfə bu məhsulu Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Yunanıstandan da idxal edib. Rumıniyadan idxal isə 9,9 min tondan 2,7 min tona enib.

Aİ-98 seqmentində də tədarük coğrafiyası dəyişib. Rusiya və Belarus əsas tədarükçülər olaraq qalsalar da, ötən il bu kateqoriyada məhsul göndərən Bolqarıstanın yerini bu il Rumıniya tutub.

Dövlət Statistika Komitəsinin rüblük açıqladığı göstəriciyə əsasən, Azərbaycanda 2026-cı ilin ilk rübündə 4.06 min ton Aİ-95 yanacağı istehsal edilib. Bu 2025-ci ilin eyni dövründə 6.8 min ton idi.

Bu arada iqtisadiyyat naziri Mikayıl Cabbarov keçən ay “ITV”yə müsahibəsində Azərbaycanda son illərin ən böyük sənaye sərmayələrindən biri hesab olunan yeni neft emalı zavodunun tikintisi ilə bağlı qərarın qəbul edildiyini açıqlayıb. Nazir layihənin təxminən 5-6 il ərzində başa çatdırılmasının gözlənildiyini bildirib. SOCAR tərəfindən həyata keçiriləcək yeni zavodun ənənəvi yanacaq məhsulları ilə yanaşı, yeni nəsil neft-kimya məhsulları istehsal etməsi nəzərdə tutulur. Layihənin reallaşması gələcəkdə ölkənin yanacaq və neft-kimya məhsulları üzrə emal imkanlarının genişlənməsinə, həmçinin idxaldan asılılığın azalmasına təsir göstərə bilər.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər