Moody’s: Neft Fondu və fiskal dayanıqlıq Azərbaycanın reytinqini dəstəkləyir

“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan üzrə növbəti dövri baxışını tamamlayıb və ölkənin mövcud kredit reytinqlərinin əsaslandırılmasını yenidən qiymətləndirib.

Agentliyin qiymətləndirməsinə görə, Azərbaycanın Baa3 səviyyəsində olan uzunmüddətli emitent reytinqini dəstəkləyən əsas amillər Dövlət Neft Fondunun (SOFAZ) idarə etdiyi iri həcmli maliyyə aktivləri hesabına formalaşmış güclü xalis kreditor mövqeyi, hökumətin fiskal dayanıqlığı və makroiqtisadi siyasətin tədricən yaxşılaşmasıdır. Moody’s hesab edir ki, bu maliyyə ehtiyatları hökumətin likvidlik və xarici risklərini azaldır, eyni zamanda iqtisadi şoklar zamanı əks-tsiklik fiskal siyasət aparmağa imkan verir.

Agentlik bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyiş müşahidə olunsa da, neft-qaz sektorundan yüksək asılılıq, institusional və idarəetmə sahəsində uzunmüddətli zəifliklər, eləcə də Ermənistanla münasibətlərdən irəli gələn geosiyasi risklər ölkənin kredit profilini məhdudlaşdıran əsas amillər olaraq qalır.

Moody’s qeyd edib ki, 2026-cı ilin birinci rübündə Azərbaycanın real ÜDM-i illik müqayisədə 0,3% azalıb, ilin ilk beş ayında isə iqtisadi artım faktiki olaraq dayanıb. Agentliyin qiymətləndirməsinə görə, neft hasilatının azalması qeyri-neft sektorundakı artımla kompensasiya olunub. Tikinti sektorunda əvvəlki illərdə bərpa işlərinin yaratdığı yüksək artım tempi zəifləsə də, informasiya-kommunikasiya texnologiyaları, turizm və emal sənayesi iqtisadi fəallığı dəstəkləməyə davam edir.

Reytinq agentliyi 2026-cı ildə Azərbaycanın iqtisadi artımının təxminən 1,5%, ortamüddətli perspektivdə isə 2-2,5% olacağını proqnozlaşdırır. Moody’s hesab edir ki, qeyri-neft sektorunun inkişafı, rəqəmsal infrastruktur layihələri, regional nəqliyyat əlaqələrinin genişlənməsi, eləcə də dövlət maliyyəsinin idarə olunması, bank sektorunun tənzimlənməsi və fiskal nəzarət sahələrində aparılan islahatlar iqtisadi artımı dəstəkləyəcək.

Agentliyin qiymətləndirməsinə görə, hökumətin qeyri-neft büdcə kəsirinin azaldılması istiqamətində siyasəti fiskal dayanıqlığı gücləndirir. Eyni zamanda SOFAZ-ın aktivləri artmaqda davam edir və 2025-ci ildə ÜDM-in 97%-nə çatıb. Moody’s hesab edir ki, 2026-cı ildə neft qiymətlərinin yüksək qalması əlavə neft gəlirləri yaradacaq, Neft Fondunun aktivlərini artıracaq və hökumətin iqtisadi şoklara qarşı dayanıqlığını daha da gücləndirəcək.

Agentlik həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin genişlənməsi, regional nəqliyyat dəhlizləri üzrə əldə olunan irəliləyiş və sülh prosesinə beynəlxalq dəstəyin davam etməsi rəsmi sülh sazişi hələ imzalanmasa da, geosiyasi risklərin tədricən azalmasına və regional əlaqələrin güclənməsinə şərait yaradır.

Moody’s vurğulayıb ki, Azərbaycanın uzunmüddətli emitent reytinqi Baa3 səviyyəsində qalır.

Moody’s bildirib ki, hazırkı sənəd yeni reytinq qərarı deyil və yalnız Azərbaycanın kredit profilinin dövri qiymətləndirilməsinin nəticələrini əks etdirir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər