Bu il iyunun 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari portfeli 892 mln. avroya çatıb. Bu isə bir ay əvvələ nisbətən 2% və ya 18 mln. avro artım deməkdir.
Bu barədə EBRD-nin məlumatında bildirilib. Məlumata görə, hazırda aktiv layihələrin sayı isə 36-dır.
Qeyd olunub ki, portfelin 90%-ni (800 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (62 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (30 mln. avro) isə korporativ sektora yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 7% artaraq 721 mln. avro təşkil edib.
Beləliklə, EBRD bu günədək Azərbaycana 202 layihə çərçivəsində 3,748 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 94,1%-i (3,528 mlrd. avro) borc götürənlər tərəfindən artıq layihələrin icrasına sərf olunub. Portfelin 41%-i özəl sektorun payına düşür.
Xatırladaq ki, 2025-ci ildə AYİB Azərbaycanda 10 layihəyə 81 mln. avro məbləğində vəsait ayırıb.







