Azərbaycanda vençur kapitalı fondlarının hüquqi bazası formalaşdırılır.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsi, Mülki Məcəlləsi, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Dəyişikliyə əsasən, “İnvestisiya fondları haqqında” qanuna vençur kapitalı fondu, peşəkar investor, akkreditə olunmuş investor, azad hesabatlı vençur kapitalı fondu və lisenziyalaşdırılan vençur kapitalı fondu anlayışları əlavə edilib. Bununla vençur fondlarının yüngül qeydiyyat rejimində və ya lisenziyalaşdırılan rejimdə fəaliyyət göstərməsi üçün fərqli hüquqi modellər yaradılır.
Əlavə olaraq, Mülki Məcəlləyə konvertasiya edilən maliyyə alətləri (Convertible instruments), konvertasiya edilen borc müqaviləsi (Convertible note) və gələcək iştirak payı haqqında müqavilə (SAFE) ile bağlı müddəalar əlavə edilib.
Qanunda korporativ müqavilə institutu və investorların xüsusi hüquqlarına dair normalar da yer alır. Birgə satış hüququ (Tag-along right), məcburi satış hüququ (Drag-along right), ilk imtina hüququ, ləğvetmə zamanı üstünlük, payın və ya səhmin dəyərsizləşməsi əleyhinə müddəalar, qorunan məsələlər, konvertasiya hüququ və fərqli səsvermə hüquqları kimi mexanizmlərin hüquqi əsasları müəyyən edilir.
Qanunda işçilərin pay və səhm iştirakı planı haqqında müqavilə (ESOP) ile bağlı müddəalar da yer alıb. Bu mexanizmə əsasən startap və texnologiya şirkətləri işçilərə və idarəetmə orqanlarının üzvlərinə yalnız əməkhaqqı verməklə kifayətlənməyib, onlara gələcəkdə şirkətin payını və ya səhmini əldə etmək imkanı yarada biləcəklər. Bu, xüsusilə yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi və şirkətdə uzun müddət saxlanılması üçün vacib alətdir. Başqa sözlə, işçi şirkətin uğurunda birbaşa maraqlı olur, çünki şirkət böyüdükcə onun əldə edə biləcəyi payın və ya səhmin dəyəri də arta bilər.
Bundan başqa, “Valyuta tənzimi haqqında” və “Banklar haqqında” qanunlara rəqəmsal səyyahlar, innovasiya layihələri, vençur kapitalı fondları, akkreditə olunmuş investorlar və rəqəmsal xidmətlər üzrə valyuta və bank əməliyyatlarının xüsusiyyətlərini tənzimləyən müddəalar əlavə edilib. Bu dəyişikliklər innovasiya və rəqəmsal iqtisadiyyat subyektlərinin xarici ödənişlər, investisiya qoyuluşları, gəlirlərin repatriasiyası və bank xidmətlərinə çıxışı sahəsində mövcud inzibati çətinliklərin azaldılmasına xidmət edir.







