ABŞ administrasiyası Konqresi məlumatlandırıb ki, qanunvericilər tərəfindən daha əvvəl təsdiqlənmiş 400 milyon dollarlıq hərbi yardımın Ukraynaya tam ötürülməsinin 2028-ci ilin oktyabrından 2029-cu ilin sentyabrınadək olan dövrdən tez başa çatdırılması planlaşdırılmır. Bu barədə Reuters məlumat yayıb.
Agentliyin mənbələrinin sözlərinə görə, Pentaqon may ayında Konqresə göndərdiyi məktubda həmin vəsaitin xərclənməsi ilə bağlı planlarını dəqiqləşdirib. Sənəddə bildirilib ki, yardımın ayrılmasının 2029-cu maliyyə ilində başa çatdırılması nəzərdə tutulur. ABŞ-də 2029-cu maliyyə ili 2029-cu ilin sentyabr ayının sonunda başa çatır. Qanuna əsasən, Prezident Donald Trampın ikinci prezidentlik müddəti isə 2029-cu ilin yanvarında bitməlidir.
Məlumata görə, Konqresin bəzi üzvləri yardımın həddindən artıq ləng həyata keçirildiyini hesab edərək narazılıqlarını ifadə ediblər.
Yardım paketinin təxminən 200 milyon dollarının Ukraynaya silah və sursatın verilməsinə, 100 milyon dollarının müxtəlif hərbi texnika və ehtiyat hissələrinin alınmasına, qalan 100 milyon dollarının isə hərbi yüklərin daşınması xidmətlərinə yönəldilməsi planlaşdırılır.
İllinoys ştatından demokrat senator Dik Durbin iyulun 21-də administrasiyanın Konqres tərəfindən təsdiqlənmiş 400 milyon dollarlıq yardımı Ukraynaya ötürməkdən imtina etdiyini bildirmişdi. Senatın Büdcə Ayırmaları Komitəsində keçirilən dinləmələrdə o qeyd etmişdi ki, bu yardımın taleyi ilə bağlı qərarı, ehtimal ki, növbəti ABŞ prezidenti verəcək. ABŞ-nin müdafiə naziri Pit Heqset isə dinləmələr zamanı bu iddiaları nə təsdiqləyib, nə də təkzib edib.
Bundan əvvəl, aprelin 29-da ABŞ senatoru Mitç Makkonnell The Washington Post qəzetində dərc olunan məqaləsində Pentaqonun Konqres tərəfindən vaxtilə təsdiqlənmiş 400 milyon dollarlıq hərbi yardım paketinin Ukraynaya çatdırılmasını gecikdirdiyini yazmışdı. Onun sözlərinə görə, müdafiə qurumu Senatın aidiyyəti komitələrinin sorğularını da cavabsız qoyub. Senator bu gecikməyə görə əsas məsuliyyətin müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbinin üzərinə düşdüyünü iddia edib.







