Pentaqon 135 mlrd. dollarlıq silah istehsalı müqavilələri bağlayıb

Pentaqon azalan hərbi ehtiyatlar fonunda müdafiə sənayesində istehsalı sürətləndirir və genişləndirir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iyulun 29-da Pentaqon iki iri müdafiə şirkəti ilə ümumi dəyəri təxminən 135 milyard dollar olan iki müqavilə imzalayıb.

Müqavilələrdən biri çərçivəsində Lockheed Martin şirkətinə yeddi il müddətinə 59 milyard dollar ayrılıb. Şirkət Patriot zenit-raket kompleksləri üçün raketlər istehsal edəcək. Müqavilə sayəsində Lockheed Martin illik istehsal həcmini 2030-cu ilə qədər 600 raketdən 2 min raketə çatdırmağı planlaşdırır.

İkinci müqavilə isə 76,6 milyard dollar məbləğindədir və General Dynamics ilə Huntington Ingalls Industries şirkətləri ilə imzalanıb. Sənəd nüvə sualtı qayıqlarının istehsalının genişləndirilməsi və sürətləndirilməsini nəzərdə tutur.  Böyük sifarişlər fonunda müdafiə şirkətlərinin səhmləri müsbət dinamika nümayiş etdirir.

Bundan əvvəl Pentaqon Lockheed Martin şirkətinə THAAD raketdən müdafiə sistemi üçün raket tutucularının istehsalını artırmaq məqsədilə 35 mlrd. dollarlıq sifariş vermişdi.

Bu ilin fevralında isə qurum Raytheon ilə “Tomahawk” qanadlı raketləri və digər sursatların istehsalının artırılmasını nəzərdə tutan müqavilələr paketi bağlamışdı. Həmin razılaşmalara əsasən, “Tomahawk” raketlərinin illik istehsalı 60 ədəddən 1 mindən çox ədədə çatdırılmalıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər