Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və xəzinə hesabının qalığından əlavə gəlir əldə edilməsi məqsədilə 2026-cı ilin iyul ayı ərzində 4 depozit hərracı keçirib.
Banker.az xəbər verir ki, hərraclar nəticəsində ümumilikdə xəzinə hesabının 174 milyon manat məbləğində qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.
Belə ki, iyulun 9-da keçirilən ilk hərracda xəzinə hesabının 73 milyon manat məbləğində qalığı 4 kommersiya bankında 28 gün müddətinə, 7,24% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
İyulun 16-da təşkil olunan növbəti hərracda isə 40 milyon manat vəsait 4 kommersiya bankında 28 gün müddətinə, 6,52% orta çəkili faiz dərəcəsi ilə yerləşdirilib.
İyulun 23-də keçirilən hərracda 2 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 31 milyon manat məbləğində qalığı 28 gün müddətinə, 6,55% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Ayın son hərracı iyulun 30-da baş tutub. Hərracda 3 kommersiya bankı iştirak edib və xəzinə hesabının 30 milyon manat həcmində qalığı 84 gün müddətinə, 6,53% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.







