Hesablama Palatası Neft Fonduna risk limitlərinin yenidən nəzərdən keçirilməsini tövsiyə edib

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) borc öhdəlikləri və pul bazarları alt portfeli üzrə likvidlik və kredit risklərinin yenidən qiymətləndirilməsini tövsiyə edib.

Bu barədə Palatanın Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında qeyd olunub.

Hesabata əsasən, 2025-ci ilin sonuna Fondun investisiya portfelində istiqraz, depozit və nağd pul alt portfelinin ümumi məbləği 21 milyard 913 milyon 720 min 469 ABŞ dolları səviyyəsində qeydə alınıb. 2024-cü ilin sonunda isə həmin göstərici 28 milyard 156 milyon 520 min 848 ABŞ dolları olub. 2025-ci il ərzində borc öhdəlikləri və pul bazarları alt portfelinin gəlirlilik dərəcəsi 4,7 %, investisiya portfelindəki xüsusi çəkisi isə 29,8 % həcmində formalaşıb.

Hesablama Palatası borc öhdəlikləri və pul bazarları alt portfelində yüksək reytinqli və yüksək likvid aktivlərin nisbətinin azalması şəraitində Fondun likvidlik və kredit risklərinin müntəzəm olaraq qiymətləndirilməsini, strateji likvidlik ehtiyatlarının optimal həddinin təyin edilməsini, habelə risk limitlərinin yenidən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər