“Microsoft” şirkətinin qurucusu Bill Qeytsin qızı Fibi Qeyts “cookie stuffing” adlı dələduzluq sxemi ilə bağlı ittihamlara görə 20 ilədək azadlıqdan məhrum edilə bilər.
Bu barədə “Bloomberg”in apardığı araşdırmaya istinadən “LADbible” məlumat yayıb.
23 yaşlı Qeyts Sofiya Kianni ilə əməkdaşlıq edərək geyim və aksesuarların alışı zamanı endirimlər tapmağa kömək edən “Phia” brauzer genişlənməsi xidmətini yaradıb. İstifadəçi bu xidmətin köməyi ilə alış-veriş etdiyi halda, şirkət müəyyən komissiya əldə edir. Lakin “Phia” faktiki olaraq heç bir aidiyyəti olmayan satışlardan komissiya mənimsəməkdə şübhəli bilinir.
“Bloomberg”in məlumatına əsasən, alıcı “Phia”nın funksiyalarından istifadə etməsə belə, genişlənmə tərəfdaş “cookie”lərini avtomatik şəkildə quraşdıra bilirdi.
İyun ayında xidmətin özünə aid etdiyi satışların təxminən 51%-nin məhz bu cür əməliyyatların payına düşdüyü bildirilir. İyulun əvvəlində mübahisəli funksiyanın ləğv edilməsindən sonra şirkətin gündəlik gəliri, nəşrin məlumatına görə, təxminən 80 min dollardan 10 min dollara qədər kəskin azalıb.
“Phia” nümayəndələri yanlış komissiya hesablanmasına səbəb olan funksiyaların artıq ləğv edildiyini və pulların tərəfdaşlara qaytarılması prosesinə başlanıldığını qeyd ediblər.
Amerikalı hüquqşünas Ariel Qivner aydınlaşdırıb ki, ABŞ qanunvericiliyində “cookie stuffing” elektron rabitə vasitələrindən istifadə etməklə törədilən dələduzluq növü kimi qiymətləndirilə bilər. Belə olan halda ən ağır cəza 20 ilədək həbs ola bilər. Lakin yekun qərar konkret hallardan və məhkəmənin mövqeyindən asılıdır.
Qeyd edək ki, hələ iyul ayında Fibi Qeyts “Phia”nın fəaliyyəti çərçivəsində dələduzluqda ittiham edilirdi. O zaman startapın iştirakı olmadan həyata keçirilən alışlardan əldə olunan komissiyaları mənimsədiyi iddia olunurdu. Şirkət isə mövcud problemdən yalnız araşdırma dərc olunmazdan qısa müddət əvvəl xəbər tutduğunu bildirmişdi.







