Azərbaycanın xarici ölkələrlə xidmətlər dövriyyəsi 2026-cı ilin ilk yarısında 9,2 milyard dollar təşkil edib. Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 4,1 milyard dolları Azərbaycan rezidentlərinin xaricə göstərdiyi xidmətlərin, 5,1 milyard dolları isə qeyri-rezidentlərin Azərbaycana göstərdiyi xidmətlərin payına düşüb. Nəticədə xidmətlər balansındakı kəsir illik müqayisədə 1,2% azalaraq 1 milyard dollar olub.
Xidmətlər balansındakı kəsirin əsas hissəsi neft-qaz sektorundan formalaşıb. Bu sektor üzrə, əsasən tikinti və digər işgüzar xidmətlər hesabına, kəsir 1 milyard dollar təşkil edib. Qeyri-neft-qaz sektorunda isə xidmətlər balansının kəsiri 66,5 milyon dollar olub.
Xidmətlər balansına əsas müsbət töhfə nəqliyyatdan gəlib. İlk altı ayda nəqliyyat xidmətlərinin ümumi dövriyyəsi 2,6 milyard dollar və ya bütün xidmətlər dövriyyəsinin 28,5%-ni təşkil edib. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri 1,8 milyard dollar, xaricdən alınan nəqliyyat xidmətlərinin dəyəri isə 800 milyon dollar olub.
Qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik müqayisədə 6,6% artıb, idxal isə 1,7% azalıb. Bunun nəticəsində nəqliyyat xidmətləri üzrə profisit 9,9% artaraq 941,1 milyon dollara çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 856,4 milyon dollar idi.
Turizm xidmətlərində isə dövriyyə zəifləyib. Qarşılıqlı turizm xidmətlərinin həcmi illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollara düşüb. Turizm xidmətlərinin ixracı 747,8 milyon dollar, idxalı isə 700,6 milyon dollar olub və nəticədə 47,2 milyon dollarlıq profisit yaranıb. İlk yarımildə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 5,1%, ölkəyə gələn xarici vətəndaşların sayı isə 10,3% azalıb.
Eyni dövrdə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3,9 milyon dollar olub. Xaricə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 4,9% artaraq 1,2 milyard dollara yüksəlib.







